"Ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin başa çatmasından sonra bazarda ötən ildən qalan avtomobillərin sayı kifayət qədər çox olub".
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev Milli.Az-a açıqlamasında deyib.
"Güzəştlərin bitəcəyini bilən paralel idxalla məşğul olan şəxslər ötən il ölkəyə kifayət qədər avtomobil idxal etdilər. Nəticədə stoklarda yığılmalar baş verdi. Bu səbəbdən cari ilin ilk altı ayında paralel idxalçılar tərəfindən gətirilən yeni avtomobillər hətta ötənilki qiymətlərə, bəzi hallarda isə ondan da aşağı qiymətlərə təklif olunurdu. Lakin bu avtomobillərin sayı azaldıqca və bazara yeni avtomobillər daxil olduqca, avtomatik olaraq nizamlanma baş verdi və qiymətlər öz yerinə qayıtdı". pizza
Müsahibimizin dediyinə görə, bəzi avtomobillərdə qiymət artımı kimi təqdim olunan dəyişikliklər əslində artım deyil. Cari ilin logistika, avtomobilin alınması və digər xərcləri nəzərə alındıqda, son dövrün xərcləri ilə ölkəyə gətirilən avtomobillər təbii olaraq həmin qiymətlərə təklif olunur:
"Mətbuatda bəzi avtomobillərin qiymətinin artdığı qeyd olunsa da, bu hal paralel idxalla gətirilən avtomobillərə aiddir. Rəsmi dilerlər tərəfindən zəmanətlə təqdim olunan avtomobillərdə ilin əvvəlindən etibarən demək olar ki, qiymət artımı müşahidə olunmur. Əksinə, rəsmi dilerlər tərəfindən müxtəlif güzəşt kampaniyaları keçirilir və bu kampaniyalar çərçivəsində avtomobilləri daha sərfəli şərtlərlə əldə etmək mümkündür".
E.Əliyev ikinci əl avtomobil bazarındakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, son iki ildə ikinci əl avtomobillərin qiyməti 40-45%-ə qədər enmişdi, xüsusilə 2025-ci ildə ikinci əl avtomobillərin qiymətlərində ciddi enmə müşahidə olunub.
E.Əliyev nəzərə çatdırıb ki, ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin müddəti başa çatdıqdan sonra insanlar yenidən bu avtomobillərə maraq göstərməyə başlayıblar. Nəticədə onların qiymətində təxminən 30-35 faizə qədər artım müşahidə olunur: Əslində bu artım yox, qiymətlərin köhnə vəziyyətə qayıtması halıdır.
"Bununla yanaşı, mühərrik həcmi böyük olan, xüsusəndə buraxılış ili 10 ildən yuxarı olan avtomobillərə tələbat azaldığı üçün həmin nəqliyyat vasitələrinin qiymətləri aşağı səviyyədə qalır və onlarda ciddi qiymət artımı yoxdur. Mühərrik həcmi kiçik olan avtomobillərdə, xüsusilə hibrid nəqliyyat vasitələrində isə qiymət artımı müşahidə olunur".
Telegram kanalımız