“Qonşu ölkələrdə yeni tikilən yaşayış binalarında mənzillər üçün poçt qutularının quraşdırıldığını görürük. Azərbaycanda isə əksinə, bir çox yeni binalarda poçt qutuları ya ümumiyyətlə nəzərdə tutulmur, ya da tədricən yığışdırılır.Əsas arqument adətən belədir: “Artıq məktub göndərən yoxdur.” Amma poçt yalnız məktub demək deyil”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə tanınmış ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, hazırda poçt sistemi elektron ticarətin əsas dayaqlarından biridir:
“Bu gün dünyada elektron ticarətin inkişafı ilə kiçik bağlamalar, sənədlər və digər fiziki göndərişlər poçt və kuryer logistikasının mühüm hissəsinə çevrilib. 1–5 kq ağırlığında olan yüngül yüklər və xırda bağlamalar qlobal kuryer, ekspress və poçt (CEP) bazarında ümumi fiziki daşınmaların 40–50%-dən çoxunu təşkil edir. Bu seqment elektron ticarətin əsas dayaqlarından biridir. Toyuqlu pizza
Ona görə də “göndəriş edən yoxdur” yanaşması artıq yalnız məktublara əsaslanan köhnə təsəvvürdür. Burada başqa bir vacib məsələ də var: ünvanların standartlaşdırılması və sinxronlaşdırılması. Bina, giriş, mənzil və ünvan məlumatları vahid rəqəmsal sistemlərdə düzgün formalaşdırılmadıqda, təkcə poçt deyil, kuryer xidmətləri, təcili yardım, taksi, kommunal xidmətlər və digər sahələr də bundan təsirlənir.
Yəni söhbət sadəcə poçt qutusundan getmir. Söhbət şəhərin ünvan və logistika infrastrukturundan gedir. Azərbaycanın poçt tarixinin özü də bu sahənin nə qədər köklü olduğunu göstərir. İlk poçt rabitəsi 1818-ci ildə Gəncədə yaradılıb, 1826-cı ildə Bakıda poçt ekspedisiyası fəaliyyətə başlayıb. 1883-cü ildən isə Azərbaycanda poçt göndərişlərinin dəmir yolu ilə daşınmasına başlanılıb.
9 oktyabr – Ümumdünya Poçt Günüdür. Bu tarix 1874-cü ildə Ümumdünya Poçt İttifaqının yaradılması ilə bağlıdır. 150 illik yubiley isə 2024-cü ildə qeyd olunub. Bəlkə də poçtun gələcəyini müzakirə edərkən poçt qutusu + rəqəmsal ünvan + paket infrastrukturu kimi yeni model haqqında düşünməliyik. Məktublar azala bilər, amma ünvanlara göndərilən fiziki məhsulların əhəmiyyəti azalmır”.
Nazim Hacıyev
Telegram kanalımız