“Azərbaycanda qiymətlər Avropadan yüksək, maaş Afrika ölkələrindəki qədərdir”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda qiymətlər Avropadan yüksək, maaş Afrika ölkələrindəki qədərdir”

Sosial

29 Avqust 2022 16:33 9111


Ötən illərlə müqayisədə bu il ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti xeyli bahadır. Buna səbəb kimi məhsul qıtlığı göstərilir. Ekspertlər hesab edirlər ki, qıtlığın olması ilə bağlı məsuliyyət kəndlinin deyil, yerli icra orqanlarının üzərinə düşür. Belə ki, onlar suvarılan və münbit torpqaqları ələ keçirir, nəticədə kəndlinin əli işdən soyuyur. 

Ötən gün analoji hadisə Naxçıvanda da qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntüdən aydın olur ki, susuzluq üzündən tarlalar məhv olur, bostanlar quruyur.

Yenisabah.az-a mövzu ilə bağlı fikirlərini bildirən fermer Şahin Nəcəfov “bahalaşma yalnız Azərbaycanda deyil, dünya ölkələrində də müşahidə olunur” deyib: Dominos pizza

“Bunun səbəbi koronavirus pandemiyası və hazırda isə aktiv davam edən Ukrayna-Rusiya müharibəsidir. Dünya taxıl ixracatçısı olan Ukraynanın bir çox hissəsi münbit torpaqlardan ibarətdir. Azərbaycan Ukrayna-Rusiya müharibəsini və pandemiyanı nəzərə alaraq qıtlığın qarşısını almaq üçün çevik davranmalı idi. Çox təəssüflər olsun ki, bizim hökumətdə o çeviklik yoxdur.

Bu gün Azərbaycanda olan qıtlığı təhlil etmək üçün mütləq kənd təsərrüfatını iki qrupa ayırmaq lazımdır. Məmurlara və oliqarxlara məxsus böyük təsərrüfatlar və kiçik ailə təsərrüfatları. Azərbaycanda əhalinin 42%-i kənd təsərrüfatı ilə məşğuldur və onların çox böyük hissəsi ailə və kiçik təsərrüfatlara aiddir.

Biz "dövlət kənd təsərrüfatına dəstək vermir" desək yalan deyərik. Ancaq o dəstəkdən kiçik təsərrüfatlar faydalana bilmir. Çünki bu yardımdan böyük təsərrüfatları olan məmurlar istifadə edir. Kəndlinin kreditə və bazara çıxışı məhduddur. Bütün banklar girov istəyir, kəndli hardan girov versin?      

Böyük supermarketlər oliqarxlara məxsusdur və həmin marketlərdə də onların təsərrüfat məhsulları satışdadır. Kəndli öz məhsulunu pula çevirə bilmədiyinə görə məhsulu əlində qalır və məcbur olaraq oliqarxların həmin məhsulu ucuz qiymətə almasına razı olur. Azərbaycanda bu kimi halların qarşısını almaq və kəndlinin qazanmasını təmin etmək üçün koordinasiyalı iş görmək lazımdır.

Kənd Təsərrüfatı Nazirliyi əkinçilərə subsidiya ödəyir. Lakin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti isə əkinə yararlı torpaqları lazımi su ilə təmin etmir.

160 min hektar örüş sahəsini əkinə yararlı torpaq sahəsinə çevirə bildilər və həmin torpaq sahələri oliqarxlar arasında bölündü. Lakin heç kim "bu torpaqlar hansı su ilə suvarılacaq" sualına cavab vermədi. Mövcud əkin sahələrinin 30%-i sulama potensialına sahib deyil.

Bazar qorunmur. Biz yalnız qiymət baha olduğunda narazılığımızı bildiririk. İstixanadan çıxan pomidorlar yanvar ayı 80-90 qəpik idi. Siz eşitdinizmi ki, hansısa məmur maya dəyəri 2 manat olan məhsulun 90 qəpikdən satılmasından narahat olsun? Minlərlə fermer iflas etdi. Gömrük problem yaratdı, iyirmi bir gün maşınlar gömrükdə gözlədi və məhsullar xarab oldu. Biz heç bir zaman əkinçinin maya dəyərini hesablamırıq.

Siz heç eşitmisinizmi ki, Kənd təsərrüfatı naziri Cəlilabadda kartofun, Qubada almanın, Şəmkirin istixanasında yetişən pomidorun maya dəyərini qeyd etsin. Bunlar olmadığı üçün şəhərdə yaşayanlar məhsulu baha almağa davam edəcək, bundan narazı olan və müflisləşən əkinçilər isə kəndləri qoyaraq şəhərə iş tapmağa gəlməyə davam edəcək.

Məhsulun baha olması əkinçinin qazanması demək deyil. Hər il gömrüklə, Qida Təhlükəsizliyi Agentliyi ilə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə problem yaşayan kəndli bezir.

Ən böyük problemlərdən biri isə su problemidir. Azərbaycanda bu sistem düzgün qurulmayıb. Oliqarxın hektarlarca ərazisi sulanır, fermer isə 1-2 hektarlıq ərazisin sulaya bilmir. Bu problemlər nizamlanmadıqca biz daha pis vəziyyətə düşəcəyik”.

Fermer qeyd edib ki, örüş sahələri heyvandarların əlindən alındığına görə ətin də qiymətində bahalaşma müşahidə olunur:

“Beləliklə, heyvandarlıq da perspektivsiz bir sahəyə çevrilir və buna görə də hər kəs heyvandarlığın “başın buraxır”. Gələn il daha betər olacaq.

Türkiyədə ətin kilosu 28 manatdır. Heç bir kəs deyə bilməz ki, mən xarici ölkədən ət gətirim və vətəndaşa ucuz satım. Türkiyə bazarı və fermerini qorumaq üçün xarici ölkədən ət gətirilməsinə belə qadağa qoyub”.

Şahin Nəcəfov deyib ki, bizdə kəndli əkir, xiyarı, pomidoru satışa çıxdıqdan sonra əlinə biraz pul gəlir, İrandan monopolist gömrükçülər həmən dəqiqə məhsulu Azərbaycana buraxır. Beləliklə, bizim fermerlərin məhsulu əlində qalır.

“Bazar qorunmalıdır. Kənd təsərrüfatı məhsullarının ucuz satışı üçün yarmarkalar təşkil olunmalıdır. Bir nəfər çıxıb deməlidir ki, sən kimsən ki, kəndlinin məhsulunu ucuz satırsan? Sən hesablayıbsan ki, həmin məhsulun maya dəyəri nə qədərdir? Niyə hər zaman fermer əzilməlidir?

Türkiyəli Azərbaycana gəlib bahalıqdan narazılıq edir, Səudiyyə Ərəbistanından gələn bahalqıdan narazıdır. Avropanın ən bahalı ölkəsi qədər qiymətlər bahadır Azərbaycanda. Ancaq əmək haqqı Afrika ölkələrindəki qədərdir. Bunlar hər biri idarəçiliyin yaratdığı fəsadlardır. Azərbaycan hökumətində koordinasiya yoxdur. Sanki hər bir qurumun rəhbəri başqadır, hökuməti başqadır. Heç kəs heç kəsə tabe olmaq istəmir, bir-birini tanımır. Kənd Təsərrüfatı Nazirliyi parçalanıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini, Qida Təhlükəsizliyi Agentliyini Kənd Təsərrüfatı Nazirliyinə birləşdirmək lazımdır ki, kəndli problemini bir nəfərə danışa bilsin”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Memmedòva
    Bele adamları qoysunlar Kend tesserüfatı naziri kendli de gün görsün ,şeherli de Bizde nazir talamaqla meşgul olur
    4 years ago
  • RAHİM
    AZƏRBAYCANDA höküm sürən MƏMUR özbaşınalığı. Kənd təsərrüfatına səriştəsizlərin rəhbərliyi davam etdikcə qıtlıq da davam edəcək.
    4 years ago