25 May - 23:51
Azərbaycandan Ümrə ziyarətinə qeydiyyat başladı

Azərbaycandan Ümrə ziyarətinə qeydiyyat başladı

Din

14 Dek 2021 11:10


Azərbaycandan olan bir qrup zəvvarın Ümrə ziyarətinə (kiçik Həcc) qeydiyyatı başlayıb.

Yenisabah.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycandan daha bir qrup zəvvar Ümrəyə yollanacaq: "Yanvarın 6-13-ni əhatə edəcək səfər üçün sənədlərin toplanılmasına başlanılıb. Bir qrupda, təxminən, 25 nəfərin olmasına üstünlük verilir. Səudiyyə Ərəbistanının tələbinə əsasən, ziyarətçilər mütləq koronavirus əleyhinə üç doza vaksin (iki doza "Sinovac", 1 doza "Pfizer") vurdurmalıdırlar. Yalnız üç doza vaksin sertifikatı olan şəxslər səfərdə iştirak edə bilərlər".

B.Nəcəfov bildirib ki, indiyədək üçə yaxın belə ziyarət həyata keçirilib: "Hər həftənin cümə axşamları AZAL-ın təşkil etdiyi reyslərlə uçuşlar icra olunur. Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləğinə gəlincə, bu rəqəm 1100-1500 dollar civarında dəyişir".

Qeyd edək ki, Ümrə ziyarəti üçgünlük Mədinə, beşgünlük Məkkə ziyarəti ilə yekunlaşır. Ümumilikdə ziyarət 9 gün çəkir. QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir.


Youtube kanalımız


Digər xəbərlər