Azərbaycanın nümayəndə heyəti BMT Baş Assambleyasında dayanıqlı şəhərsalma və urbanizasiya məsələlərinə həsr olunmuş yüksəksəviyyəli iclasda iştirakını başa vurub.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, Komitə sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 16-17-də Nyu-Yorkda keçirilən və Yeni Şəhər Gündəliyinin icrasının ortamüddətli qiymətləndirilməsinə həsr olunan tədbirdə iştirak edib.
İclas zamanı Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi islahatlar, ərazi planlaşdırılması üzrə müasir yanaşmalar və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına yönəlmiş fəaliyyətlər beynəlxalq ictimaiyyətə təqdim edilib. Xüsusi olaraq Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri diqqət mərkəzində olub. Dominos pizza
Anar Quliyev çıxışında bildirib ki, münaqişədən zərər çəkmiş ərazilərin bərpası yalnız əvvəlki vəziyyətin bərpası deyil, daha təhlükəsiz, müasir və insan yönümlü yaşayış məkanlarının yaradılmasını hədəfləməlidir.
Tədbir çərçivəsində Azərbaycan tərəfi son illərdə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, bölgədə milyonlarla kvadratmetr tikinti sahəsi istifadəyə verilib, minlərlə ailə üçün yaşayış evləri inşa olunub və artıq onlarla yaşayış məntəqəsinə həyat qayıdıb.
Səfərin mühüm nəticələrindən biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında əməkdaşlıq sazişinin imzalanması olub. Sənəd Cəbrayılın Quycaq və Kəlbəcərin Mollabayramlı kəndləri üçün ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını nəzərdə tutur.
Nümayəndə heyəti həmçinin UN-Habitat rəhbərliyi, Polşa və Braziliyanın aidiyyəti qurumlarının nümayəndələri ilə görüşlər keçirərək şəhərsalma sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Telegram kanalımız