Jurnalist Əli Zülfüqaroğlu, və tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə İngiltərənin http://www.t-vine.com saytında Ermənistanın Qarabağda törətdiyi cinayətlər, ekoloji terror və digər vandalizm aktları ilə bağlı məqalə dərc olunub.
Yenisabah.az xəbər verir ki, yazıda ilk öncə Ermənistanın Vətən müharibəsi dönəmində mülki əhaliyə qarşı törətdiyi terror aktlarından bəhs edilir. Bundan başqa Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində uşaq və qadınlar daxil olmaqla mülki əhalinin qətlə yetirilməsi, evlərin və digər obyektlərin dağıdılmasından söz açılır. Savaş bitdikdən-Ermənistan kapitulyasiyaya imza atdıqdan sonrakı dönəmdə ermənilərin boşaltıqları rayonlarda evləri yandırması, heyvanları vəhşicəsinə öldürməsi, meşələrə od vurması ilə bağlı faktlara geniş yer verilir.
Həmçinin yazıda Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya və yerli əhəmiyyətli tarixi abidələrin, muzeylərin soyğuna məruz qalması, həmçinin infrastruktura ciddi zərər verilməsi, məktəb və xəstəxanaların yerlə yeksan edilməsi, yaşayış evlərinin sökülərək Ermənistana daşınması diqqətə çatdırılır. Eyni zamanda qeyd olunur ki, Ermənistanın təzavüzü nəticəsində dəyən maddi ziyan ilkin hesablamalara görə, 800 milyarddan çoxdur və bu rəqəm getdikcə artır. Bu səbəblə Ermənistanın təzminat ödəməli olduğu vurğulanır. Məqalədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Azərbaycana vurduğu maddi zərər və digər məsələlər barəsində də fikirlərinə yer verilir: “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət əməllərinin qiymətləndirilməsi prosesinə yerli qiymətləndirmə şirkətləri cəlb edilib. Bu işlər özəl sektorla dövlət qurumları arasında əməkdaşlıq prinsipi çərçivəsində həyata keçirilir. Özəl sektorun da malik olduğu təcrübəsi var və ondan da yararlanmaq nəzərdə tutulub”.
Telegram kanalımız