16 Avqust - 04:33
Azərbaycanlıların köhnə xəstəliyi: Gecə sevirik, səhər söyürük...

Azərbaycanlıların köhnə xəstəliyi: Gecə sevirik, səhər söyürük...

Sosial

03 İyul 2022 13:25 3588


Bu, azərbaycanlıların köhnə şakəridir: Əksəriyyət özünü intellektual göstərir. Çoxumuz burnumuz bir qarış yuxarıda gəzirik. Əlimizə azca pul düşəndə gözlərimiz ayağımızın altını görmür, salamı minnətlə alırıq. Amma real situasiya yarananda öz təbii halımıza qayıdırıq; Damlanın konsertində saç yolub, üz cırırııq...

Mən bu vəziyyətlə ilk dəfə təxminən 15 il əvvəl qarşılaşmışam. O vaxt çap mətbuatı özünün tənəzzül dövrünə yenicə qədəm qoymuşdu. Qəzet oxutmaq üçün dəridən-qabıqdan çıxırdıq. Alnımıızn təri, gözümüzün nuru ilə ərsəyə gətirdiyimiz qəzetləri hətta ən yaxın dostlarımız da oxumurdular.  Səbəbini soruşanda çox vaxt belə cavab verirdilər: "Axı siz nə yazırsınız?! Qəzetlərdə səviyyəli mətn yoxdur". 

Yenə sorğu-sual başlayırdı. Uşaq sadəlövhlüyü ilə Tolstoyu, Dostoyevskini, Balzakı, Drayzeri, İsa Hüseynovu, Əli Kərimi oxuyub-oxumadığını soruşurdum. Hamısı çiynini çəkib dururdu. Məlum olurdu ki, bizi, bizim çıxardığımız qəzetləri. kitabları bəyənməyən adamlar çoxdan oxumağın kitabını qatlayıblar...

Bəziləri isə ucuz bəhanə tapmışdı: "Qəzet almağa pulumuz yoxdur!" Qəzet almağa "pul tapmayan" adamların ucuz şoulara, "ulduz"" yarışmalarına pullu sms göndərdiyinin dəfələrlə şahiid olmuşdum...

İndi də hamı yerli telekanalları söyür. Hamı deyir ki, Azərbaycanda baxmağa televiziya yoxdur. Ən azı 100 adamdan evdəki televizoru çoxdan zirzəmiyə tulladığını eşitmişəm. 

ARB-də Zaur Kamalın güneyli soydaşımız Afşin Azərini efirdən qovmasından sonra məlum oldu ki, heç də hər kəsin evində televizoru toz basmayıb. Sən demə, məlum səhnəni çoxları izləyib. O da məlum oldu ki, yerli telekanalları bəyənməyən adamlar sosial problemlərin müzakirə olunduğu verilişlər barədə də yetərincə məlumatlı imişlər... 

Həmişə demişəm, yenə fikrimdə qalıram: Azərbaycanda reket jurnalistləri məmurlar bəslədiyi kimi ailə-məişət mövzusundan bəhs edən verilişləri də tamaşaçılar efirdə saxlayır. Əgər tamaşaçı həmin verilişlərə baxmasa, telekanal rəhbərləri onları aparıcıları ilə birlikdə çoxdan efirdən rədd edər. 

Heç kim inciməsin, biz azərbaycanlıların köhnə xasiyyətidir: Axşam sevirik, səhər söyürük...

Seymur VERDiZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!