Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesinə start verilib.
Bu yenilik minlərlə valideyn üçün müraciət prosesini asanlaşdırmağı hədəfləyir. Ancaq qəbuldan sonra valideynləri narahat edən problemlər hələ də qalır. Paytaxtda dövlət bağçalarının sayının kifayət edib-etməməsi, iş saatları və uşaqların qidalanması ilə bağlı suallar beynləri yorur.
“QHT rəhbəri, reabilitasiya mərkəzinin direktoru və 30 illik pedaqoji təcrübəyə malik müəllim kimi deyə bilərəm ki, məktəbəqədər təhsildə əsas məqsəd hər bir uşağın keyfiyyətli təhsilə, sağlam inkişaf mühitinə və qayğıya bərabər çıxışını təmin etməkdir. Dominos pizza
Bunu “Yeni Sabah”a “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirib.
O qeyd edib: “Məktəbəqədər təhsil uşağın şəxsiyyət kimi formalaşmasının, sosial bacarıqlarının inkişafının və gələcək təhsil həyatının təməlini qoyan ən vacib mərhələlərdən biridir. Bu baxımdan elektron qəbul sisteminin tətbiqi şəffaflığın artırılması və valideynlərin müraciət prosesinin asanlaşdırılması baxımından müsbət addımdır. Lakin bu sahədə əsas diqqət yalnız qəbul prosesinə deyil, göstərilən xidmətin keyfiyyətinə də yönəldilməlidir”.
QHT sədri bildirib ki, paytaxt və digər iri şəhərlərdə dövlət bağçalarında yer problemi qalır:
“Tələbat yüksəkdir və mövcud yerlər hər zaman bütün müraciətləri qarşılaya bilmir. Bununla yanaşı, bağçaların iş rejimi, uşaqların təhlükəsizliyi, qidalanması, psixoloji rahatlığı və inkişafına yönəlmiş tədris mühiti daim nəzarətdə saxlanılmalıdır. İşləyən valideynlərin ehtiyacları da nəzərə alınmalı, müəssisələrin fəaliyyəti müəyyən edilmiş qaydalara uyğun təşkil edilməlidir.
Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi, peşəkar kadr hazırlığının davamlı şəkildə inkişaf etdirilməsi, qidalanma və təhlükəsizlik standartlarına ciddi nəzarətin təmin olunması, eyni zamanda, valideynlərlə əməkdaşlığın daha da möhkəmləndirilməsi bu sahənin inkişafına mühüm töhfə verəcək.
Unutmamalıyıq ki, uşaqlara qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Sağlam, təhlükəsiz və keyfiyyətli məktəbəqədər təhsil mühiti gələcək nəsillərin hərtərəfli inkişafının əsas təminatıdır”.
Xatırlatma: Azərbaycanda hazırda təxminən 1700 dövlət bağçası, 200-ə yaxın isə özəl bağça fəaliyyət göstərir. Dövlət bağçalarında təlim-tərbiyə prosesinə cəlb edilən uşaqların sayı 106 800 ilə 107 500 arasında dəyişir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız