“Bahalaşmanın səbəbi rəqabət mühitinin olmamasıdır” - Ekspert

“Bahalaşmanın səbəbi rəqabət mühitinin olmamasıdır” - Ekspert
Sent 7, 2019 13:59
Oxunma sayı: 64

“Hansı ölkədə iqtisadi rəqabət mühiti zəifdir, yaxud çox aşağı səviyyədədir, dövriyyədə pul kütləsi artan kimi inflyasiyaya təsir etməyə başlayır”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı ekspert Natiq Cəfərli baş nazirin müavini Əli Əhmədovun qiymət artımı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Əli Əhmədov bahalaşmanın bir səbəbi kimi minimum əmək haqlarının və pensiyaların artırılmasını göstərib.

“Dövlət tərəfindən minimum əmək haqqlarının, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır. Bunsuz mümkün deyil. Digər tərəfdən isə dövlət sektorunda çalışan insanların maaşları artırsa, onda bazarda çalışan insanlar xidmətlər göstərməklə öz həyatlarını təmin edirlər. Onların həyatında da artım hiss olunsun deyə təbii olaraq xidmətlərin qiymətlərində müəyyən bir yüksəlmə hiss olunacaq”, - deyə baş nazirin müavini bildirib.

Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda inhisarçılıq meyllərinin güclü olması, rəqabət mühitinin yoxluğu bahalaşmanın əsas səbəblərdəndir:

“Bizim ölkədə o proses baş verir ki, dövriyyədə pul kütləsi artdığı zaman rəqabət mühiti olmadığına görə bu qiymət artımına səbəb olur. Ona görə də burada hökumətin görəcəyi işlər var. Rəqabət mühiti artırılmalı və bazarda oyunçuların sayının çoxalması yolu ilə qiymətlərin iqtisadi tənzmilənməsi şəraiti yaradılmalıdır”. 

 

 

Yenisabah.az