“Erkən nikahlarla bağlı statistikanın yayıldığını bilirəm. Lakin mənim bu suala cavab verməyim nə qədər düzgün düzgün olar? Doğrudur, verilişimə erkən nikahlarla bağlı gəlirlər, amma bunun cavabını mən yox, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova verməlidir ki, onların təyin etdiyi, yaxud rayonlarda fəaliyyət göstərən İcra Hakimiyyətlərinə bağlı qəyyumluq idarələri, görəsən, bununla bağlı ildə bir dəfə monitorinq aparırmı? Və ya rayonların kənd sovetlərinin rəhbərlərinin xəbəri varmı ki, onun kəndindəki 15 yaşlı qızı Rusiyada yaşayan 35 yaşlı pullu bir kişiyə ərə verirlər? Əlbəttə, xəbərləri yoxdur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış prodüser, televiziya aparıcısı Tarix Əliyev (Tolik) deyib.
O, erkən nikahlarla bağlı Dövlət Statistika Komitəsinin yaydığı hesabata münasibət bildirib. Hesabatda Mərkəzi Aran rayonlarında müvafiq tendensiyasının üstünlük təşkil etdiyi gözə çarpmaqdadır. Dördpendirli pizza
Məsələyə münasibət bildirən T. Əliyev söyləyib ki, sadaladığı nüanslar üzündən də vətəndaş da məcbur olub onun yanına gəlir:
“Sonra da ata ilə ana deyir ki, mənim qızım 17 yaşında ərə gedib. Keçən dəfə də Şəfiqə Nağıyeva 19 yaşlı bir qızın məhkəməsini udub. Qız bir uşaqla Bakıya gəlib burada bir oğlanla tanış olub. Ondan da hamilə qalıb birini doğub. İndi də onu heç kim qəbul etmir, 2 uşaqla qalıb.
Rayonlarda qızı yük kimi görürlər. Qız varsa, deməli, yükdür. Ona görə də tez-bazar bunu ərə verməliyəm. Axı 15 yaşındakı qız 30 yaşındakı kişinin qoynuna necə girə bilər?! O adam normal vaxtında ailə qursaydı, o qız onun uşağı yaşında olacaqdı. Bu, əslində, fəxr deyil, pedofilizmdir. Bunun İslamla əlaqəsi yoxdur. Bəzən bəzi “müsəlmanlar” deyirlər ki, bu halaldır və s. Guya qız 15 yaşından namaz qılırsa, onun kəbin kəsdirməsi olar və s. Bunlar xurafatdır və bu problemi dövlət qurumları həll etməlidir, nəinki mən...”
“Nərminin qətlini xatırladım. Ombudsman 2 dəfə getdi Tovuza, sonra saytlara məlumatlar yaydı. Axırda da bəzi millət vəkilləri deyirlər ki, filan uşaq uşaq evindən qaçdı və hansısa televiziya aparıcısı onun işini həll etdi. Bilirsiniz niyə? Çünki bizə düşmək o bəzi dövlət qurumlarına düşməkdən daha asandır. Ona görə insanlar mənə, yaxud Zaur Baxşəliyevin yanına gəlirlər. Artıq ölkədə sosial layihələrin hamısını yığışdırıblar. Yaxşı, bunu yığışdırmısınızsa, əcəb etmisiniz. Çünki bəzi dələduzlar bundan istifadə edib pul qazanırdı, bunu başa düşdük. Bəs onda dövlətin verdiyi İcbari Sığorta və digər imtiyazlarla bağlı niyə vətəndaşa məlumat vermirsiniz? Kənddə oturan bir nənə nə bilsin ki, dövlət onu İcbari Sığorta edib və o, gedib hansısa bir klinikada ürəyini yoxlatdıra bilər? O da məcbur olub poliklinikalara gedir”, - müsahibimiz əlavə edib.
Onun fikrincə, qız uşaqlarımız da belədir və qorxusundan heç kimə söz demirlər:
“Qızları 15 yaşında ərə verirlər. Qız yazıq gedib kimə desin? Polisə verəcək, polis də atasını çağırıb izahat alacaq və göndərəcək hamısını. Məgər mənim verilişimdə az olub? Ata azyaşlı qızına oğlanın evində toy edib, 1 ildən sonra qız atasının evinə qayıdıb, oğlanı da tutdurublar ki, oğlan qızımı 16 yaşı olanda almışdı. Ataya dəyən olmadı, amma oğlanı tutub içəri basdılar. Ata niyə məsuliyyət daşımır bəs?”
“Yenə deyirəm, bunlar mənə aid suallar deyil, bu sualları aidiyyəti dövlət qurumlarına vermək lazımdır, amma onlara da düşmək olmur. Onların qəbulunda niyə düşə bilmirlər, baş açmıram. Aidiyyəti qurumların üzvləri nə efirlərə gəlib bu haqda məlumat verirlər, nə də müvafiq tədbirlər görürlər. Sadəcə, özlərinə nə sərf edirsə, yazıb saytlarda paylaşdırırlar ki, vəssalam, bunu da edin”, - həmsöhbətimiz fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız