Bu gün bəzi şəhər sakinlərimiz Ümumdünya Bakılılar Gününü qeyd edir. Düzdür, bu bayram rəsmi şəkildə keçirilməsə də, bakılılar özləri belə bir günün olduğunu iddia edir. Bəs görəsən, bakılı məşhurlarımız bu bayramı harada və necə qeyd edirlər? Köhnə Bakı ilə yeni Bakı arasındakı fərq nədədir?
Bir neçə ildir Amerikaya köçən müğənni Elariz Məmmədoğlu Yenisabah.az-a açıqlamasında bildirib ki, qürbətdə olsa da, bu günü qeyd edir:
“Bir bakılı olaraq qürur hissi duyuram. Bu gün mənə gələn təbriklərin hər birini həvəslə cavablandırıram. Qürbətdə olsam da əlbəttə, Bakı üçün darıxıram. Yəqin ki, bu günü yaxınlarımla masa arxasında qeyd edəcəyəm”. pizza mizza
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bakılıları təbrik edib:
“Bu gün münasibətilə tək bakılıları deyil, hər bir azərbaycanlını təbrik edirəm, çünki Bakı bizim ana paytaxtımızdır. Nə yaxşı ki, vaxtilə Şirvanlılar Bakının bünövrəsini qoyublar. İlk dəfə İçərişəhərə paytaxtı köçürən Şirvanşah Mənuçöhr olub, ondan 500 il sonra paytaxt Bakıya köçürüldü və genişləndi. Məhz bundan sonra Bakı bizim ana şəhərimizə çevrildi. Ona görə bu şəhər mənim üçün ikiqat əzizdir”.
Rejissor Bakının müdafiəsi üçün komitə yaradılmasını təklif edib:
“Mən uzun müddətdir Bakı şəhərinin müdafiə komitəsini yaratmaq istəyirəm. Neçə vaxtdır bununla bağlı müraciətlər edirəm, lakin heç bir qurum müraciətimə cavab vermir. Əgər biz indi bu komitəni yaratmasaq bütün eybəcərlikləri, biabırçılıqları, Hacıbala Abutalıbovun vaxtından qalma yalançı çıxarışları, saxta qətnamələri dayandırmasaq Bakı ölü bir şəhərə çevriləcək. Bu birmənalı olaraq belədir.
Biz özümüz öz əlimizlə şəhərimizi dəfn etmək istəyirik, şəhəri dələduzlara satmışıq. Bu gün Bakının mərkəzini dağıdıb, xaraba qoyub tikənlər binaları kimin üçün tikir? Bakıda kimin imkanı var ki, gedib şəhərin mərkəzində ev alsın?! Məsələ budur ki, onlar bu yolla çirkli pulları yuyurlar, onlara saxta çıxarışlar verilib və Bakını məhv etməklə məşğuldurlar. Niyə yarımçıq tikililər sökülmür? Həmin tikililər onların dədəsinin pulu ilə tikilməyib. Təcili surətdə həmin tikililər sökülməlidir!”
Sənətçi qeyd edib ki, bu gün Bakıda milyonlarla boş mənzil var:
“Bu gün Bakıda milyonlarla boş mənzil var. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da çıxışlarının birində bu barədə danışmışdı. O bildirdi ki, yoxlanma aparılıb və məruzə ediblər ki, milyonlarla boş mənzil var. Mənzillərin hamısı ağzıbağlı qalıb, hər binada 3-4 mənzildə işıqları yandırırlar, binanın qapısına da mühafizəçi qoyurlar, guya binanı mühafizə edir. Amma binalar hamısı bomboşdur. O binaların hamısı xalqın pulu ilə tikilib, binanı tikənlərin nə dədəsinin, nə babasının o qədər pulu olmayıb, yalan söhbətdir, dövlətdən oğurlanan pullar hesabına tikilib.
Mən təklif edirəm ki, bakılıların, dövlət qurumlarının iştirakı ilə bir komissiya yaradılsın, yoxlama aparılsın. Sizi inandırıram ki, bu yoxlama zamanı ən azı 3 milyon boş mənzil ortaya çıxacaq. Həmin o mənzilləri çürümüş, iylənmiş, üfunət qoxusu verən “Kubinka”, “Zavağzal”llarda yaşayanlara versinlər. İnsanlar qayda-qanunla həmin binalara köçürülsünlər. Həmin məhlələr isə sökülsün, yerində parklar, xiyabanlar tikilsin. Bakıda “Kubinka” boyda xiyaban olsa, şəhərin iqlimi dəyişər, nəfəs alar. O cümlədən, “Zibildərə” məhəlləsi, Bayılda “Şanxay” adlanan ərazi var, oradan keçəndə adamın ürəyi bulanır. Oraları sökmək, əhalini köçürmək lazımdır ki, Bakı nəfəs alsın”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız