"Bank of Baku" ASC-nin problemli kreditlərinin payı ötən il artıb, bankın əsas kapital göstəricisində isə azalma qeydə alınıb.
“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi Moody's Ratings bankın reytinqlərini təsdiqləyərkən bildirib.
Agentliyin məlumatına görə, bankın problemli kreditlərinin ümumi kredit portfelində payı 2024-cü ilin sonundakı 2,6%-dən 2025-ci ilin sonunda 4,3%-ə yüksəlib. Moody's bunu kredit portfelinin yaşlanması ilə əlaqələndirib. pizza sifarişi
Bununla yanaşı, bankın əsas kapitalının (TCE) risklə ölçülmüş aktivlərə nisbəti 17,5%-dən 15,8%-ə enib.
Moody's hesab edir ki, kredit portfelinin genişlənməsi və yüksək dividend ödənişləri səbəbindən növbəti 12-18 ay ərzində kapital göstəricilərinə təzyiq davam edəcək. Agentliyin proqnozuna görə, mənfəət hesabına formalaşan daxili kapital bu təzyiqi qismən kompensasiya etsə də, kreditlərin sürətli artımı və dividend ödənişləri kapital adekvatlığının tədricən azalmasına səbəb olacaq.
Bununla belə, Moody's "Bank of Baku"nun yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini B1 səviyyəsində təsdiqləyib və reytinq üzrə proqnozu "sabit" saxlayıb.
Agentlik reytinq qərarını bankın güclü kapitallaşması və yüksək mənfəətliliyi ilə əsaslandırıb. Bununla yanaşı, qeyd olunub ki, bankın biznes modeli əsasən təminatsız istehlak kreditlərindən ibarət olduğuna görə iqtisadi dövrlərdə risklərə daha həssasdır.
Hesabata əsasən, 2025-ci ildə bankın maddi aktivlərin gəlirliliyi (Return on Tangible Assets) 2,4% təşkil edib. Moody's yeni verilən kreditlərin daha yüksək keyfiyyətə malik olduğunu və bankın sabit faiz gəlirləri əldə etməyə davam etdiyini bildirib.
2025-ci ilin sonunda müştəri depozitləri bankın ümumi öhdəliklərinin 78%-ni təşkil edib. Bankın likvidlik buferi isə ümumi aktivlərinin təxminən 13%-i səviyyəsində olub. Agentlik qeyd edib ki, bu göstərici oxşar reytinqə malik regional və qlobal banklarla müqayisədə aşağı olsa da, kredit portfelinin qısamüddətli olması likvidlik risklərini məhdudlaşdırır.
Moody's hesab edir ki, növbəti 12-18 ay ərzində bank kapital, aktiv keyfiyyəti və mənfəətlilik üzrə əsas göstəricilərini ümumilikdə mövcud səviyyədə saxlaya biləcək. Bu səbəbdən agentlik "Bank of Baku"nun uzunmüddətli depozit reytinqi üzrə "sabit" proqnozu təsdiqləyib.
Telegram kanalımız