16 Avqust - 10:24
Banklar xarici valyutada məcburi ehtiyatlarını yalnız ABŞ dollarında saxlaya biləcəklər

Banklar xarici valyutada məcburi ehtiyatlarını yalnız ABŞ dollarında saxlaya biləcəklər

İqtisadiyyat

25 İyun 2022 17:29 1214


Mərkəzi Bankın İdarə Heyəti “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edib.

Yenisabah.az xəbər verir ki, bu Qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları üçün məcburi ehtiyatlar normasını, məcburi ehtiyatların hesablanması və saxlanması qaydasını müəyyən edir.

Məcburi ehtiyatların norması depozitlərin faizi nisbətində müəyyən edilir.

Bundan əvvəl qüvvədə olan Qaydaya görə, məcburi ehtiyatların norması milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 0.5 (sıfır tam onda beş) faiz, xarici valyutada cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 1 (bir) faiz, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0 (sıfır) faiz idi.

Dəyişikliyə əsasən, bundan sonra məcburi ehtiyatların norması aşağıdakı kimi differensiallaşdırılmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən ediləcək:

- milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlərin və hesablama bazasının bütün həcmləri üzrə;

- xarici valyutada cəlb edilmiş depozitlərin və hesablama bazasının bütün həcmləri üzrə;

- qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə.

Məcburi ehtiyatlar bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır. Dəyişikliyə görə, məcburi ehtiyatların saxlanmasına dair tələb də dəyişib.

Əgər bundan əvvəl bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalı idisə, bundan sonra banklar xarici valyutada olan depozitlər üzrə yalnız Mərkəzi Bankda ABŞ dollarında olan müxbir hesabında saxlamalıdır.

Qaydalarda digər yeniliyə gəlincə, məcburi ehtiyatların saxlanması məqsədinin effektivliyini artırmaq üçün Mərkəzi Bankın İdarə Heyəti saxlanılan məcburi ehtiyatlar üzrə faizlərin ödənilməsi barədə qərar qəbul etdikdə bu barədə bütün kredit təşkilatlarına rəsmi məlumat veriləcək.APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!