Əməkdar artist Bəhram Bağırzadə ailəsi üçün xüsusi əhəmiyyət daşıyan ev ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında Vidadi küçəsi, 46 ünvanında yerləşən evdə 1972-ci ildə çəkilmiş fotosunu paylaşıb.
Bəhram Bağırzadə bildirib ki, sözügedən ev onun mərhum anasının 1946-cı ildə dünyaya gəldiyi məkandır. Onun sözlərinə görə, vaxtilə burada böyük ailə məclisləri keçirilib, qohumlarla yanaşı, tanınmış mədəniyyət və incəsənət nümayəndələri də bu evdə toplaşıb. Dominos pizza
Əməkdar artist evin ailəsi üçün xüsusi bir məna daşıdığını vurğulayıb:
“Bu, sadəcə köhnə bir ev deyil. Bura mənim mərhum anamın uzaq 1946-cı ildə dünyaya gəldiyi evdir. Burada böyük ailə məclisləri keçirilər, qohumlar, dostlar və tanınmış insanlar – nazirlər, rəssamlar, Azərbaycan televiziyasının diktorları, böyük musiqiçilər və mədəniyyət nümayəndələri bir araya gələrdi.
Bu divarlar nə qədər söhbətə, xatirəyə, gülüşə və insan taleyinə şahidlik edib! Bu ev ailəmiz üçün əsl ocaq idi – doğmaların səsinin daim eşidildiyi, həyatın öz axarı ilə qaynadığı bir məkan”.
Bəhram Bağırzadə binanın üzərində “TA – Tarixi Abidə” lövhəsinin olduğunu qeyd edib. Lakin onun sözlərinə görə, evin yaxın vaxtlarda söküləcəyi bildirilir.
Sənətçi bunun onun üçün ağır olduğunu vurğulayıb:
“Anamın doğulduğu, böyük ailəmizin toplandığı və həyatımın əhəmiyyətli bir hissəsinin keçdiyi bu yerin yox olacağını düşünmək çox ağrılıdır. Hər şey gözlərimin önündən keçir... İnsanlar gedir, evlər yox olur, xatirələr isə...”
Aydan Hacı
Telegram kanalımız