7 Oktyabr - 00:54
“Bəlkə, biz Azərbaycan uğrunda döyüşməmişik?!” - Vətəndaş şikayətləndi

“Bəlkə, biz Azərbaycan uğrunda döyüşməmişik?!” - Vətəndaş şikayətləndi

Sosial

22 Sentyabr 2022 21:58 682


Azərbaycan 20-ci əsrdə üç dəfə erməni təcavüzünə məruz qalıb. Həm əsrin əvvəllərində, həm də ötən əsrin 90-cı illərində minlərlə igid Azərbaycan övladı ermənilərə qarşı vuruşaraq qəhrəmancasına şəhid olub. Düşmənin təcavüzünü dəf edərkən yaralanan, yüngül və ağır dərəcəli bədən xəsarəti alanların sayı isə on minlərlədir. 

Azərbaycan dövləti şəhid ailələriylə bərabər qazi ailələrinin və ümharibə əlillərinin də problemlərini həmişə diqqət mərkəzində saxlayır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərə yaxın qaziyə müxtəlif əlillik dərəcəsi verilib.

Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə sosial ödənişlər edilir, sağlamlıqlarını itirmiş hərbiçilər protezlərlə təmin olunur, reabilitasiya mərkəzlərində müalicəsi həyata keçirilir. Müalicəsi ölkəmizdə mümkün olmayan yaralılar Türkiyəyə göndərilir.

Amma bəzi problemlər hələ də öz həllini gözləyir. 

Bir neçə gün öncə, vətəndaş Mübariz Həmzəyev Abbas oğlu bizə atası Abbas Həmzəyev Ələkbər oğlunun 1990-cı il may ayında "Sədərək döyüşləri"ndə yaralanmasına baxmayaraq ona birdəfəlik müavinətlərin verilməməsi barədə müraciət etmişdi. 

Vətəndaş bildirirdi ki, dəfələrlə qurumlara müraciət etsə də, ona birdəfəlik müavinətlərin verilməsinin 1991-ci il oktyabrın 18-dən sonraya aid olduğunu deyiblər.

"Mənə Milli Ordunun 1991-ci il oktyabrın 18-dən sonra formalaşdığını əsas gətirərək, bunun bizə şamil olmadığını dedilər. Tək atam deyil, atam kimi 1990-cı ildən 1991-ci ilin sonuna qədər ölkədə bəlkə, 2-3 min qazi olub. Bu qazilər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb yaralandığı təsdiq olunmuş şəxslərdir. Bəlkə, biz Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməmişik?"

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı bunları dedi:

"Qanunvericiliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1991-ci il oktyabrın 18-dən (Müstəqilliyin bərpası günü) 1997-ci il avqustun 2-dək (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi gün) olan dövr ərzində hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara birdəfəlik ödəmə şəklində ödənişlərin verilməsi tapşırığı verilib.

Həmin dövr ərzində hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarından ibarət olan və sənədləri e-sistemdə olan şəxslərə birdəfəlik ödəmələr həyata keçirilir".

Mətbuat katibi sonda indiyədək 15 mindən çox şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin edildiyini, hazırda da bu prosesin davam etdiyini bildirib.

Ə.Məhəmmədoğlu 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!