“Bəzi universitetlər tələbələrə təzyiq göstərir“ - Onlayn imtahanlarla bağlı açıqlama
06 İyn 2020 19:22
2003

“Bəzi universitetlər tələbələrə təzyiq göstərir“ - Onlayn imtahanlarla bağlı açıqlama

"Gələn həftədən etibarən ali təhsil müəssisələrində semestr imtahanları başlayır. Bu dəfə mövcud vəziyyətlə əlaqədar olaraq universitetlər imtahanları online edəcəklər. Mart ayından etibarən bütün universitetlər distant - online dərslər keçmək istiqamətində mühüm işlər görüblər. Artıq prosesin yükun mərhələsi keçiriləcək. Amma son günlər bəzi tələbələr online imtahanların keçirilməsini istəmir və bunu internetin olmaması və ya zəif olması, online dərslərin tam mənimsəməyə imkan verməməsi ilə əlaqələndirirlər".

Yenisabah.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, tələbələr hazırki durumda imtahan vermək istəmirlər:

"Bir məsələni də qeyd etmək istəyirəm ki, dünəndən 10 dan çox universitet rəhbərliyi ilə əlaqə saxlayıb tələbələrin narahatlıqlarını çatdırdım. İzah etdim ki, tələbələr imtahan verməkdən narazıdırlar.

Universitetlərin mövqeyi budur ki, heç bir tələbə imtahandan kəsilməyəcək. Necə ki, imtahana giriş balı ilə bağlı onlara güzəşt edilib, eyni zamanda da imtahanlarda tələbələrə maksimum dərəcədə dəstək verilib güzəşt ediləcək.

Yəni tələbələr narahat olmasınlar. Universitetlər onlara imtahanlarda güzəşt edəcəklər və hər kəsə qiymət veriləcək, heç kim kəsilməyəcək. Bütün tələbələri səbrli olmağa çağırıram".

Kamran Əsədov universitetlərin narazılıq edən tələbələrə qarşı təzyiq göstərdiyini qeyd edib:

"Təəssüflər olsun ki, imtahanlarla bağlı narahatlıq ifadə edən tələbələrə qarşı bəzi universitetlər təzyiqlərə başlayıblar. Bu yaxşı hal deyil. Mövcud vəziyyətdə hər iki tərəf anlayış nümayiş etdirməlidir. Tələbəyə zəng edib təzyiq göstərmək məsələnin həlli yolu deyil".

Oxşar xəbərlər