“Bir-birilərini dəli kimi sevirlər, amma eyni evdə yaşamağa başlayanda...“   - Psixoloq sirləri açır

saytların hazırlanması

Evə çatdırılma

“Bir-birilərini dəli kimi sevirlər, amma eyni evdə yaşamağa başlayanda...“ - Psixoloq sirləri açır

Sosial

25 Sentyabr 2021 12:30 2180


İnsanın həyatda verdiyi ən önəmli qərarlardan biri də evlilikdir. Önəmli olduğu qədər də çətindir. Çünki elə bir seçim etməlisən ki, sonradan peşman olmayasan. Bir sözlə, sonradan ağlamaqdansa, əvvəlcədən ağlamaq daha yaxşıdır.

Deyirlər ki, insan həyatı boyunca daima öz yarını axtarır. O şəxslər xoşbəxtdir ki, onlar öz yarına qovuşublar. Bəlkə də bunlar fərziyyədir.

Lakin bu günki reallığa baxsaq, görərik ki, boşanmaların sayı artıb. Artıq bu bəlkə də adi hala çevrilib. Bəziləri məcburiyyətdən evləndiklərinə görə, yola getmədiklərini deyirlər. Bu kimi müxtəlif səbəblər gətirirlər. Maraqlı sual ortaya çıxır ki, bəs bir-birilərini dəli kimi sevib, yollarını ayıranlarda nə məcburiyyət olub? Dominos pizza

Son vaxtlar bu sual daha da aktuallaşıb: Ailə məntiqlə qurulmalıdır, yoxsa hisslərlə?

Psixoloq Gülər Məmmədova Yenisabah.az-a açıqlamasında deyib ki, ailə quran cütlüklər ilk növbədə xarakterlərinin uzlaşıb-uzalaşmamasına diqqət etməlidirlər:

“Evlənən insanların hər biri qarşısına məqsəd qoyur. Onların bəzisi sırf valideynlərin təkidi ilə ailə qururlar, bir qismi isə yaşının ötməsi səbəbindən ənənəyə sadiq qalmaq üçün evlənirlər. Bu səbəblərdən evlənənlərdə sonradan problemlər yaranır. Eləcə də eyni problemlər məntiq və ya eşq əsasında evlilik ittifaqını imzalayanlarda da olur.

Evlənən cütlüklər tibbi dəstək aldıqları təqdirdə, psixoloji dəstək almırlar, müayinədən keçmirlər deyə onlar özlərində mövcud olan problematik situasiyaları görə bilmirlər. Hər kəs özünün psixo portretini müəyyən etməlidir ki, “mənim ailə həyatından gözlədiyim nədir?” Və mənim xarakterim qarşı tərəflə uzlaşacaqmı?

Təbii ki, bunu zaman göstərir. Amma yenə də qarşı tərəfin psixo portreti ilə özünki müəyyən edilməlidir. Çünki şəxsiyyət situasiyada müəyyən olunduğuna görə, insanları bəzən tanımaq olmur. Ailə münasibətləri insanlar arasında böyük ahəng təşkil edir. İki şəxs bu səbəbdən özünə uyğun olanı müəyyən etməyi bacarmalıdır”.

Psixoloqun sözlərinə görə, bəzən dəli kimi sevənlər belə birlikdə yaşadıqca, bir-birinin davranışlarını qəbullana bilmirlər:

“Bəzən sevən insanlar belə birgə yaşadıqca bir-birinin müəyyən bir davranışlarını sezir, xoşagəlməyən münasibətlərini görür və ailədə uyumsuz yanaşmalar yaranır. Böhran dönəmləri baş verir, istəksizlik və soyuqluq olur. Bütün bu hallar ailədə get-gedə konfliktli situasiyalar yaradır. Bu da ailənin dağılmasına gətirib çıxarır.

Ona görə, yaxşı olardı ki, ailə qurmamışdan öncə insanlar bir-birinə zaman versinlər, yaxşı tanısınlar. Yaxşı tanımaq üçün də insanlar əslində bir-birilərindən hər şey tələb etməməlidirlər. Bu gün insanlar kimdənsə asılı olmamaq üçün ailə həyatı qurmaq istəmirlər. Onu kiminsə idarə etməsini istəmirlər.

Ailə quranların əksəriyyəti bir-birindən elə fərqli bir şeylər tələb etməyə başlayır ki, sanki qarşı tərəf bunları həyata keçirməyə məcburdur. Bu düzgün yanaşma deyil.

İnsanların bir-birilərinə olan münasibətləri bu kontekstdə həll olunmamalıdır. “Sən bunu etməlisən! Mən kişiyəm deyə, sən bunları etməyə məcbursan. Mənim ailəmdə belə olub”. Qarşı tərəfdə də söyləyir ki, “mən belə şey görməmişəm. Və sənin dediklərini həyata keçirməyə məcbur deyiləm. Mənimki sənlə tutmur”. Bununla da münasibətlər pozulur”.

G.Məmmədova qeyd edib ki, hər iki tərəf bir-birini idarə etməyə, dəyişdirməyə çalışır:

Belə olduğu təqdirdə fikirlər üst-üstə düşmür, ortaq məxrəcə gələ bilmirlər. Bundan da konflikli situasiyalar yaranır. Özü də dağıdıcı konfliktli situasiyalar. Bu qurucu, yox, dağıdıcı olur. Çünki hər iki tərəf başa düşmür ki, insanları nəyəsə zor etmək, nəyəsə məcbur etmək olmaz.

Amma bəzi insanlar da tam müstəqil həyat yaşamaq istəyirlər. Bu da düzgün deyil. Azadlığın özünün də müəyyən bir çərçivəsi var. İnsan həyatda tam-tamına azad olub, nə istəyirəm edirəm fikri ilə yaşamamalıdır. Bu da düzgün deyil. Çünki bəzi yanaşmalar var ki, insan onu özündə doğru sayır. Amma yaşadıqca baxır ki, “mən heç bunu doğru etməmişəm. Zamanında bunu mənə öyrədən olmayıb”.

İnsanlar bu gün sərbəstliyi, azadlığı, müstəqilliyi çox düzgün dəyərləndirmirlər. Qarışdırırlar deyə, ailə qurduqları müddətdə onlar çaşqınlıq içərisində yaşayırlar. Ona görə də bir-birinin davranışlarını qəbullana bilmirlər. İnsanların bir-birindən nəyisə istəməsi də kobud şəkildə baş verir. Tələb formasında edirlər. “Sən mənə tabe olmusan deyə, bunları etməyə məcbursan”.

Ailə qurmamışdan öncə insan müəyyən qədər öz “hə”-lərinə yox, “yox”-larına hə deməyi bacarmalıdır.  Ailədə məcburiyyət, qəddar rejim olmamalıdır. Bu düzgün deyil. Bunlar nəzərə alınmır deyə, ailə dəyərləri bu gün qorunmur.

İnsanların bir-birinə yalan danışması, təzyiq göstərmələri, qarşı tərəflərin bir-birini başa düşməməsi bu gün boşanma hallarını adiləşdirib. “Uyğun gəlmədik, biz boşanırıq. Çünki bizim fikirlərimiz üst-üstə düşmür. Biz uyğun deyilik bir-birimizə”. Bununla hər şeyin bitdiyini düşünürlər. Əslində onlar adaptasiya olub, münasibətlərini tənzimləyə bilərlər. Amma bunu etmirlər”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!