Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bizim adımızla şou düzəltməsinlər” – Müharibə iştirakçısı jurnalistdən etiraz
22 İyl 2021 08:15
512

“Bizim adımızla şou düzəltməsinlər” – Müharibə iştirakçısı jurnalistdən etiraz

“Müharibənin ölüm təhlükəsi bir yana, bircə günlük əziyyətini belə bəlkə ömrü boyu görməmiş insanlar bizim adımızla özlərinə şou düzəltməsinlər! Bizim adımızı tədbirlərinə pərçim etməsinlər”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş tanınmış jurnalist Məğrur Əli Polad  sosial şəbəkə hesabında yazaraq paylaşıb. Jurnalist haqlı narazılığını bildirib:

"Qarabağda müharibə başlayanda, 46 yaşım vardı. 1 aya yaxın idi ki, kölgəsində daldalanmağa bircə ağac, kol da olmayan Haramı düzündə döyüşürdük. Sifətimin dərisi artıq ikinci dəfə idi ki, yanıb soyulurdu. Bir gün yağış yağmağa başladı. İslanmamaq üçün hərbi maşınımızın kabinəsinə qalxdım. Qapını bağlayanda, güzgü mənə sarı çevrildi və özümü gördüm. Bəlkə də inanmayacaqsız, amma diksindim... Saç-saqqal basmış, kirli, yanıb qızarmış arıq bir sifət baxırdı mənə... Burda yerləşdirdiyim şəkil həmin vaxt, amma hamam, saç kəsdirmək və üz qırxmaq xoşbəxtliyindən sonra çəkilsə də, durumumu təsəvvür etmək üçün yardımçı ola bilər.

Bu gün bizim günümüzdü - Milli Mətbuat Günü. Artıq bir neçə gündür müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları jurnalistləri dəstə-dəstə toplayıb "Müharibədə xidmətlərinə görə" adı altında mükafatlandırır, plaketlər, hədiyyələr verir, təriflərini göylərə qaldırırlar. Amma Vətən müharibəsində döyüşçü kimi iştirak etmiş media işçiləri (təxminən 30 nəfər) ya bu tədbirlərdə görünmürlər, ya da az bir hissəsi görünür. Əsasən müharibə dövründə məqalələr yazmaq, süjetlər çəkməklə öz işini yerinə yetirmiş jurnalistlərdir. Bəziləri cəbhə tərəflərə yolları düşəndə hansısa əsgərin silahını alıb şəkil çəkdirəndə, biz başımızın altında avtomat, mərmi yeşiklərinin üstündə, sağa-sola uçan qəlpələrin arasında gözümüzün acısını alırdıq... Əlbəttə, onlar da təltifə, xoş sözlərə layiqdirlər. Hətta müharibə ilə heç bir əlaqəsi olmayanlar da mükafatlandırıla bilər. Milli Mətbuat Günüdür axı. Amma Vətən müharibəsinin iştirakçısı jurnalistlər olmadan "Müharibədə xidmətlərinə görə" adı ilə necə tədbir keçirmək, bu əsaslandırma ilə kimisə mükafatlandırmaq olar?! Kim kimə nə istəyir verə bilər. Öz işləridir. Amma bizim adımızı öz tədbirlərinə pərçim etsinlər. Mənə qəribə gələn həm də odur ki, səhnəyə çıxıb bu mükafatları alan həmkarlarımız təşkilatçılara irad bildirirlərmi ki, niyə döyüşçü jurnalistlər burda yoxdur?!

Qeyd: Məni yaxşı tanımayanlar üçün deyim ki, bütün şüurlu həyatım boyu belə şeylərin həvəskarı olmamışam. Mənim ən böyük, heç nə ilə müqayisəolunmaz və yeganə mükafatım doğma kəndim də daxil olmaqla torpaqlarımızın işğaldan azad edilməsidir. Ölümü gözaltına alıb getdiyim bu müharibədə iştirak etməyimlə o dərəcədə qürur duyuram ki, bunu sözlə ifadə etmək çox çətindir.

Amma... müharibənin ölüm təhlükəsi bir yana, bircə günlük əziyyətini belə bəlkə ömrü boyu görməmiş insanlar bizim adımızla özlərinə şou düzəltməsinlər!" - deyə Məğrur Əli Polad bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər