Türkiyənin məşhur istirahət mərkəzlərindən olan Bodrumda yay mövsümünün qızğın keçməsi ilə qayıq turları və özəl yaxta kirayəsinə maraq xeyli artıb.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) Bodrum Regional Nümayəndə Şurasının sədri Enver Kantarmış bildirib ki, Qurban bayramından sonra rezervasiyalar sürətlənib və turistlər daha çox özəl yaxta turlarına üstünlük verməyə başlayıb.
Onun sözlərinə görə, Bodrumun məşhur turistik ərazilərini əhatə edən gündəlik turlar səhər başlayır, axşam saatlarınadək davam edir və marşrutdan asılı olaraq 4-5 fərqli körfəzdə dayanacaq verilir. Turlara nahar və meyvə ikramı da daxildir. Bir nəfərlik tur qiymətləri 800-1500 türk lirəsi arasında dəyişir. pizza mizza
Kantarmış qeyd edib ki, özəl yaxtaların həftəlik kirayə qiyməti 7 min avrodan başlayır. Lüks seqmentdə isə bu məbləğ 100-200 min avroya qədər yüksəlir.
O bildirib ki, lüks yaxtalara ən çox maraq göstərənlər arasında Azərbaycan, ərəb ölkələri və Qazaxıstandan gələn turistlər yer alır. Daha münasib qiymətə təklif olunan qayıqlar isə əsasən Avropadan gələn turistlər tərəfindən seçilir.
TÜRSAB rəsmisinin sözlərinə görə, motorlu yaxtalara tələbat hazırda təklifi üstələyir. O, qiymətlərdə əvvəlki illərlə müqayisədə ciddi artım olmadığını vurğulayaraq, istirahətə gələn turistlərə həm komfortu, həm də qiyməti baxımından qulet tipli yaxtalara üstünlük verməyi tövsiyə edib. Enver Kantarmış bildirib ki, qulet tipli taxta yaxtalar həm komfort, həm də qiymət baxımından sərfəlidir.
Telegram kanalımız