Boşanmaların sayının azalması üçün hansı addımlar atıla bilər? – Sosioloq izah edir

Boşanmaların sayının azalması üçün hansı addımlar atıla bilər? – Sosioloq izah edir
İyul 15, 2019 17:20
Oxunma sayı: 147

Xəbər verdiyimiz kimi Azərbaycanda son 6 ay ərzində 8324 boşanma rəsmiləşdirilib. Buraya əcnəbilər və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşları arasında həyata keçirilən 93 nikah da daxildir.

Bu rəqəmlər bir daha göstərir ki, son illərdə ölkədə boşanmaların sayı sürətlə artır.

Bu barədə "Yeni Sabah"a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə bağlı təcili tədbirlər görülməli olduğunu deyib:

“Çox böyük ürək ağrısıyla demək olar ki, hadisələrin gedişatı bu cür davam etsə, boşanmaların sayı getdikcə artacaq. Mən bu barədə 10 il əvvəl də, 5 il əvvəl də demişdim. Bizim xalqımızın mədəniyyət sistemində ailə çox mühüm bir rol oynayır. Ailədə olan gərginlik ölkənin mənəviyyatına, mədəniyyət sisteminə çox ciddi, mənfi təsir edir. Bu da ümumiyyətlə ölkənin tərəqqisində yaxşı olmayan rollar oynayır. Ona görə də bu sahədə ciddi tədbirlər görmək lazımdır”.

O, boşanmaların sayının artmasının əsas səbəbini belə izah edib:

“Boşanmalar cəmiyyətin özünün qanunauyğunluğundan doğur. Bu hansısa təşkilatın, rəhbər işçinin fəaliyyəti nəticəsində baş verməyib. Cəmiyyətin qanunauyğunluğunun əsas mahiyyəti nədir? 1000 illərdir ki, bütün tarix  boyu alimlər də, peyğəmbərlər də, dini kitablar da bizə həmişə deyirlər ki, bir yerdə, bir ölkədə ki, mənəvi dəyərlər öndədir o həmin cəmiyyətdəki prosesləri tənzimləyir, ahəngdar yöndə istiqamətləndirir. O yerdə ki, mənəvi dəyərlər get-gedə sıxılır, arxa plana keçir, basqı altına düşür, orada hökmən kriminal, xoşagəlməz vəziyyətlər, gərginlik yaranır. Adicə ailə üzvləri arasında mənəvi dəyərlər üstün olanda orada ahəngdar vəziyyət yaranar. Eyni zamanda ölkə də  belədir. Bu məsələlərin kökündə  ciddi sosial qanunlar dayanır. Bütün tarix boyu bizim mədəniyyətimizdə, mənəviyatımızda ailə dəyəri mühüm rol oynayıb. Buna görə də ailədə dağıntı Azərbaycan cəmiyyəti üçün daha böyük fəaliyyətdir, nəinki digər xalqlar üçün”.

Ekspert hələ də prosesin qarşısının alına biləcəyini deyir:

“Bir gündə 45-50 boşanma hadisəsi olur. Boşananların sayı 27 faiz artıb. Bizim ölkədə cəmi 10 milyon əhali var. Onun da 4 milyona qədəri deyirlər ki, xaricdədir. Bir hissəsi də qocalardır, ahıllardır, digər hissəsi  körpələrdir. Ortada  3 milyona qədər fəal əhali qalır. Onların davranışında dəyişiklik etmək elm üçün heç də böyük bir problem deyil. Fəqət çox təəssüf ki, elmi tədqiqata, elmi təminata fikir verən yoxdur. Bu sahədə elmin tövsiyələrinə heç kim fikir vermir. Məmurların bir çoxu bəlkə də hiss etmir ki, elm nədə kömək edə bilər. Halbuki son 2 əsrdə sosiologiya, sosial idarəetmə, sosial psixologiya, sosial iş – bu istiqamətlərdə onlarla elm sahəsi yaranıb ki, bu cür işlər tənzimlənsin. Amma gəlin bu günləri bu sahədə məşhur olan məmurları soruşaq görək həmin bu elmlər barədə məlumatı varmı? Bu elmlərdən istifadə edə bilirmi? Bu problemdə ailə işinə məsul olan şəxslərdə, məmurlarda günah var. Onları bu sahədə fəaliyyətləri yoxdur”.

Sosioloq deyib ki, boşanmaların qarşısını almaq üçün mənəvi dəyərləri arxa plana keçirən amilləri ortadan qaldırmaq lazımdır:

“Məsələn, rüşvəti, harınlığı, insanların özünü nümayiş etdirməsini, bir-biriləri ilə maddi üstünlüklər vasitəsilə yarışmaqlarını - bunları ictimai qınağın hədəfinə çevirmək lazımdır. Bir zamanlar Azərbaycan cəmiyyətini tənzimləyən çox mühüm bir institut var idi – ağsaqqallar və ağbirçəklər. Harada ki onlar olurdu, işləri tənzimləyirdilər. Çox təəssüf ki, hazırda onlar cəmiyyətdə aparıcı rol oynaya bilmirlər. Bu istiqamətdə işlər görmək üçün ölkədə humanitar siyasətdə dəyişiklik olmalıdır.  Bu sahədəki elm adamlarını bir yerə toplayıb fəaliyyət proqramı hazırlamaq lazımdır. Fəaliyyət proqamında nəzərdə tutulacaq ki, Milli Məclisdə qanunvericiliklə bağlı hansı işlər görülməlidir? Maarifləndirmə hansı şəkildə aparılmalıdır? KİV-də nələr edilməlidir? Çox işlər görülə bilər. Bu sahədə  fəaliyyət proqramı qəbul olunmalı və həyata keçirilməlidir. Necə ki, bölgələrdə sosial-iqtisadi nkişafla bağlı müəyyən proqramlar həyata keçiririk, humanitar sahədə də belə olmalıdır. Olmadıqca proses getdikcə artacaq, bu nə sizin, nə də mənim iradəmdən asılı deyil, bu cəmiyyətin qanunudur”.

Elnarə İlham

 

Yenisabah.az