Xəbər verdiyimiz kimi, əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.
Bunu Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib.
O bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur. Dördpendirli pizza
Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm deyir ki, qohum evliliyi zamanı nikahdan dünyaya gələn uşaqlarda daha çox əqli, xromosom çatışmazlığı, əzələ boşluğu və bir sıra belə xəstəliklər əmələ gəlir:
“Qohum evliliyi çox zərərlidir. Genetika qanunlarına görə, genlərdə olan xəstəliklər karlıq, korluq, talassemiya, hemofiliya (qan xəstəlikləri), şizofrenlik, autizm, qüsurlu uşaqların doğulması qohum evlilikləri zamanı dominant genlər vasitəsilə gələcək nəslə ötürülür.

Qan xəstəliklərinin statistikasına görə, müsəlman ölkələri ilk yerlərdədir. Bunu müsəlmanlar müqəddəs kitabımızda yazılan əmi qızı, dayı qızı ilə ailə qurmağın caiz (halal) olması ilə əlaqələndirirlər. Amma elm inkişaf edib, genetika elmi artıq bu qüsurların qohum evliliyidən yaranmasını isbatlayıb.
Qədim dövrlərdə mühit qapalı olub. Ola bilər ki, məcburiyyətdən belə evliliklərə də icazə verilib, lakin şüurlu insan bunu etməməlidir.
Düşünün, insan bilə-bilə ki, doğulan övladı xəstə olacaq hansı ağılla bunu edər? Çox insan əsaslandırır ki, biz evlənmişik və uşaqlarımız sağlamdır. Bu, mümkündür, amma bu qüsurlar sonrakı nəsildə üzə çıxacaq və nəsil ağacını bilərək cırlaşdırmaq doğru bir şey deyil”.
Psixoloq qeyd edib ki, çoxu gələcəkdəki problemləri qulaqardına vurmaqla, öz doğmalarına pislik edir, sadəcə bunun fərqində deyillər. O, məhz bu səbəbdən qadağaların gətirilməsinin tərəfdarı olduğunu bildirib:
“Mustafa Kamal Atatürk sıraya düzülmüş əsgərlərinə baxaraq paşaların birindən soruşur: Niyə bizim əsgərlər ukraynalılar, ingilislər kimi hündürboy və sağlam görünmür? Paşa sualın cavabını öyrənir və geni sağlamlaşdırmaq üçün dəyişiklik olmasının vacibliyini söyləyir.
O vaxt sahibsiz olan ukraynalı qadınlar Atatürkün xahişi ilə əsgərlərlə evlənmək üçün gətirilir. İndiki mavi gözlü, hündür, yaraşıqlı insanlar o zamankı dəyişilmiş genlərin məhsuludur.
Genləri saflaşdırmaq və sağlamlaşdırmaq üçün genetika qohum genlərdən uzaqlaşmalıdır. Sağlam gen, sağlam nəsil deməkdir.
Qadağa mütləq olmalıdır. Çünki fanatiklər və həyatı boyu əlifba kitabından başqa kitab oxumayan insanlara geni başa salmaq mümkün deyil.
Qohum evliliyi çarəsizlik və qorxaqlığın son nöqtəsidir. İnsanlar hərtərəfli zərəri anlamalıdır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız