“Bu fikiri səsləndirən adamın ciddi psixoloji problemləri var” - Psixoloq

“Bu fikiri səsləndirən adamın ciddi psixoloji problemləri var” - Psixoloq

Sosial Veb saytların hazırlanması

17 Avqust 2022 22:24 1884


“Bu fikiri səsləndirən adamın ciddi psixoloji problemləri var. Çünki bu qədər problemləri fiziki məhdudiyyətli şəxslər formalaşdırmayıb. Fiziki qüsurlu insanlar da normal insanlardırlar. Sadəcə olaraq fiziki qüsurları var. Bu cür olmaları onların insan olaraq haqqlarının əllərindən alınmasına imkan verməməlidir. Onların özlərinin də xoşbəxt olmağa, ata, ana olmağa mənəvi ixtiyarları çatır”.

Bu sözləri Yenisabah.az-a psixoloq Taryel Faziloğlu aktrisa Cəmilə Tağızadənin "fiziki qüsurlu və psixoloji problemləri olanlar ailə qurmamalı, övlad dünyaya gətirməməlidir" fikrinə münasibət bildirərkən deyib.

Psixoloq məsələylə bağlı əlavə şərh verib:

“Həqiqətə qalanda, hər kəsin hər hansısa bir psixoloji narahatlığı başqa sözlə, psixoloji problemi var. Bu yöndən yanaşsaq, gərək, heç kəs ailə qurmasın. Psixoloji narahatlıqla psixi pozuntu fərqli anlayışlardır. Əlbəttə, qanunvericilikdə də ciddi təsbit olunmuş psixi narahatlığı olan insanların yəni, daha çox aqressiv fonda olan psixi pozuntusu olanların ailə həyatı qurması çox da məsləhət görülmür. Psixi problemlər aqressiv və passiv (qeyri aqressiv) formada olmaqla iki yerə bölünür. Passiv formada olan (bunlar aqresssiv dağıdıcı və zərərverici fonda deyilsə) bu şəxslər həkim nəzarətində olmalıdırlar. Hətta, o insanların da ailə qurmaq, övlad sahibi olmaq hüquqları qorunur.

Ağır psixozların hamısında aqressiv fon görünür. Psixoz, psixotipli olan insanların ailə qurması müalicə dönəmində tam qadağan edilməsə də, amma məsləhət də görülmür. Məsələn, hanısa şizofreniya kimi psixi problemləri yüngül, orta dərəcəli şizofrenik pozuntuları olanlar həkim nəzarətində olmaları şərtiylə rahatlıqla ailə qura bilərlər". 

"Ümumiyyətlə, psixi pozuntusu olan insanlar mütləq şəkildə həkim nəzarətində olurlar. Misal, bipolar pozuntu daha çox psixoloji yox, psixi pozuntudur. Bu şəxslər daim həkim nəzarətində olur və mütəmadi dərman müalicəsi olduğu müddət ərzində, ümumi davranışları norma altında olduqda normal vətəndaş kimi həyatlarına davam edirlər”, - psixoloq fikirlərini yekunlaşdırıb.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!