“Deməzdim ki, sovetin vaxtında indiyə nisbətən daha çox kitab oxuyurduq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış şoumen, televiziya aparıcısı Kamran Həsənli bildirib.
Müsahibimizin fikrincə, kitab oxunmasına görə sovet respublikalarının içərisində Azərbaycanın öz yeri vardı: Toyuqlu pizza
“Amma baxır hansı respublikaların? Məsələn, Baltikyanı respublikalar daha öndə idilər, yaxud Rusiyada bir kitab oxuma ənənəsi var idi. Amma indi ondan əsər-əlamət belə qalmayıb və bu ölkədə olduqca böyük bir deqradasiya var”.
K.Həsənli hesab edir ki, sovet dövrünə nisbətən oxumaq təbliğatı indi, ümumiyyətlə, yoxdur:
“Televiziyalarımızı görmüsünüz və TV-lər bunda olduqca böyük rol oynayır. Çünki televiziya şou-proqramlar təşkil etməlidir ki, yazıçılarımız təbliğ olunsun”.
Şoumenə görə, bu gün yazıçılarımızın özlərində də böyük təqsir var:
“Çünki toplum açıq fikirli yazıçıları xoşlayır və yazıçı gərək açıq fikirli olsun. Onlar cəmiyyətin dərdini, problemini qorxmadan söyləyən, ona laqeyd olmayan olmalıdır. Yazıçılarımız isə son zamanlar belə deyillər. Şəxsən mən heç çoxunu da tanımıram, ona görə ki özləri özlərini tanıtmırlar. Sonra da deyirlər ki, niyə kitab oxunmur? Axı bu, sovet dövrü deyil. İndi internet var, sosial şəbəkələr mövcuddur və sən özünü, sözünü tanıda bilərsən. Onda heç televiziyaya da çıxmağa ehtiyac qalmayacaq. Amma yazıçılarımızın çoxu passivdir. Onların ictimai-siyasi, hətta iqtisadi mövqeləri belə yoxdur. Elə buna görə də insanlar onların kitabları ilə maraqlanmır”.
K. Həsənli iddia edib ki, onsuz da kitab oxuyanın imkanı varsa, o kitabı alacaq, yəni o pulu başqa yerə verəsi deyil:
“Məncə, kitab oxumaq, yaxşı mənada, narkotik kimi bir şeydir. Əgər uşaqlıqdan sən buna alışırsansa, ömrünün axırına kimi də bu ənənəni davam etdirəcəksən. Yox, əgər oxumamısansa, sonradan bu maraq adama gəlməyəcək.
Bu gün hər şey internetdə var və nə istəsən, oradan oxuya bilərsən. Qabaqlar teatr və kino kitaba alternativ idi, amma internet hazırda onlayn kitabxanadır. Bu gün “Google”a girib istədiyin kitabı seçib pulsuz oxuya bilərsən. Amma bu, o demək deyil ki, internet kitab oxuyanların önünü alır, yox, mən bununla razı deyiləm”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız