Ölkədə ard-arda baş verən intihar hadisələri cəmiyyətdə müəyyən narahatlığa səbəb olub. Xüsusilə gənc yaşda insanların intihar etməsi bu narahatlığı bir qədər də artırır.
Yenisabah.az son illərdə artan intihar hadisələrinin səbəblərini araşdırıb.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, intiharların baş vermə səbəbləri müxtəlif olsa da, bu halların son günlər artmasında əsas amil özünəqəsd hadisələrinin tirajlanmasıdır: Dominos pizza
"Ümumilikdə statistikaya nəzər salsaq, görərik ki, nəinlki 5-10 il, hətta 1 il bundan öncə də intihar hallarının sayı indikindən az idi. Artıq intiharların yaşı da gəncləşib. Əvvəllər daha çox 16-29 yaş arası görünürdüsə, indi 8-10 yaşda uşaqlar da intihar edir.
İntihar hallarının artmasında sosial medianın da rolu böyükdür, çünki insanlar bu halları tez-tez gördükcə, bu onların gözündə adiləşir. Adiləşdikcə düşünürlər ki, bunu etmək olar. Son dönəmlərdə müşahidə etdiyim bir şey də var, yeniyetmələr imtahanda aşağı bal topladıqda sanki valideynlərini cəzalandırmaq üçün intihara əl atırlar.
İntihar edən insanlar həyatı adi insanlardan qat-qat çox sevirlər. Onlar hər şeyə tez nail olmaq istəyirlər, stressə dözümləri azdır, bəzən iradələri zəif olduğu üçün çıxış yolu tapa bilmir və intihar edirlər. Bəzən intihar edib sonradan həyatı xilas edilənlər olur, onlar çox hallarda peşman olurlar. Çünki bu, ani bir duyğudur, insan beyninə gəlir və edir.
Bəzən insanlar tez-tez deyir ki, özümü öldürəcəyəm. Əslində isə o bunu etməyəcək, bu, sadəcə bir şantaj üsuludur, yaxınlarının gözünü qorxutmaq üçün deyir. İntihar isə ani duyğudur".
Psixoloq intiharların iplə edilməsinin üstünlük təşkil etməsinin səbəbi bu üsulun insanların şüuraltında yer alması ilə əlaqələndirib. Onun sözlərinə görə, intihar hansı formada ictimailəşirsə, bu proses o cür də təkrarlanır:
"Zaman keçsə də, insanın şüuraltında bəzi şeylər qalır. İplə özünü asmaq ənənəvi üsul olduğu üçün insanların beynində bu qalır. Onlar görsəl olaraq bunu gördükcə beyinlərinə də bu yeriyir. Sosial şəbəkələrə nəzər salın, xəbərlərin başlığında bu tip şəkillər olur. İnsan bu cür məlumatların beyni ilə "şəklini çəkir" və yadda saxlayır. Avtomatik olaraq intiharı reallaşdıranda yadda saxladığı "fayllardan", həmin şəkillərdən istifadə edir.
Uşaqları kiçik yaşından özgüvənli və mübariz böyütmək lazımdır. İradəsi güclü olan uşaq heç vaxt intiharı çıxış yolu kimi görmür. Həyatda heç kim tək deyil, amma tək olsa belə, o təkliyi ilə hərəkət etməyi öyrənməlidir, nəinki intihar etməli. Çünki bəzən intihar edənlərin arxasınca heç yaşanmayan şeyləri danışırlar. Bəzən sosial şəbəkələrdə bunun şahidi oluruq, kimsə intihar edibsə, insanlar şərhdə olmazın sözlər yazırlar".
Əsmətxanım Rzazadə
Telegram kanalımız