“Bunların hamısı Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir” – Nəsiman Yaqublu

“Bunların hamısı Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir” –
İyul 11, 2019
Oxunma sayı: 85

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir qrup media, idmançılar, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlər medalla təltif olunub. Onların arasında Azərbaycan Cümhuriyyəti dövrünün araşdırmaçısı Nəsiman Yaqublu da yer alıb.

Müsavat Partiyasının üzvü olan N. Yaqublu bu barədə öz təəssüratlarını “Yeni Sabah”la bölüşüb.

Tarixçi alim bu mükafatlandırmanın digər şəxslərin də o dövrü araşdırması üçün maraq yaradacağını bildirib:

“Biz ilk dövlətimizi, demokratik cümhuriyyətimizi, milli-mənəvi dəyərlərə əsaslanan, hüquqi sistemə söykənən müasir dövləti o dövrdə qurmuşuq. O dövrü nə qədər çox təbliğ edib bu günki insanlarımıza çatdırsaq, o dərəcədə Azərbaycan cəmiyyəti bundan faydalana bilər. Bu sahədə iş görən insanların dəyərləndirilməsi, onların gördüyü işlərə diqqətli yanaşılması ona görə faydalıdır ki, bu sahədə digər insanların araşdırma aparması üçün bir stimuldur, maraqdır, həvəsdir. Ümumiyyətlə, tariximizin bu dövrünə maraq göstərilməsi hər mənada faydalıdır. Ötən il cümhuriyyətimizin 100 illiyini təntənəli şəkildə qeyd etdik. Şahidi olduq ki, Azərbaycan xalqı bu hadisəni mənən çox yüksək səviyyədə qarşılayır. Torpaqları itirmişik, onların qaytarılması uğurunda qarşımızda böyük problem dayanır – belə vəziyyətdə millətimizə nikbin ruhlu notlar lazımdır. Nikbin ruhlu notları verən cümhuriyyətdir. O mənada cümhuriyyətin araşdırıcılarına, yaradıcılarının nəslinə diqqət yetirilməsi çox vacibdir”.

O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə medal verilməsini də yüksək qiymətləndirib:

“Mənim üçün Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə medal verilməsi çox xoşdur. Bu bir sayğı və diqqətdir. Azərbaycan cəmiyyətində müxtəlif araşdırma və yanaşmaların olmasına baxmayaraq, bir addımdır, atılır. Bunların hamısı Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərə söykənən Azərbaycan cəmiyyətinin formalaşmasına xidmət edir”.

Naibə Məmmədova