30 Sentyabr - 00:23
“Bura Azərbaycandır, hər bir kəs öz seçimində azaddır”

“Bura Azərbaycandır, hər bir kəs öz seçimində azaddır”

Sosial

01 Avqust 2022 13:41 1086


Vətən Müharibəsindən sonra ölkəmizdə Polad, Mübariz, Xudayar və digər vətən müharibəsi qəhrəmanlarının adları populyar oldu. Həmiz ərəfədə doğulan uşaqlara məhz bu adların verilməsi rəsmi statistikada da özünü göstərirdi.

Lakin açıqlanmış son statistika göstərir ki, 2022-ci ildə bu adları seçən valideynlər azlıq təşkil edib. Həmin adlar ilk onluqda yer almayıb. Buna səbəb nədir? 

Yenisabah.az-a açıqlamasında Azərbaycanın görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlı bildirib ki, həll olunması vacib olan əsas məsələlərdən biri də uşaqlara qoyulan adların düzgün seçilməsidir. 

“İlk olaraq onu bilmək lazımdır ki, heç bir kəsə övladının adının qoyulmasında müdaxilə oluna bilməz. Vaxtilə Cəfər Cabbarlı Azərbaycanda böyük bir ad inqilabı edib. Qədim türk adlarımızın - Qorxmaz, Yaşar, Aydın və digər bu kimi adların qoyulması üçün çalışmış bir çox vacib işlər görmüşdü.

Zaman, məkan və digər ünsürlərin adların qoyulmasında böyük əhəmiyyəti var.

Mediada, təhsildə və bütün maarifləndirici sahələrdə bizim azadlığımız, torpaqlarımız uğrunda qəhrəmanca döyüşmüş və əbədiyyətə qovuşmuş qəhrəmanlarımız haqqında təbliğatlar aparılmalıdır. Məktəb dərsliklərində qəhrəmanlarımızın şəkli olsa, yetişən uşaqlar onlara bənzəməyə, onlar kimi mərd olmağa çalışacaq.

Adların qoyulması ilə bağlı kiçik bir misal çəkə bilərəm. İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesi səhnəyə çıxdıqdan sonra baş rol Kamran və Nərmin adlarının həmin dövrdə uşaqlara qoyulmasında nə qədər böyük rol oynadığını gördük. “Yeddi oğul istərəm” filmindən sonra nə qədər uşaqlara Bəxtiyar adı qoyuldu”.

Xalq artisti qeyd edib ki, “dövlətimizin əbədi, bayrağımızın daima dik dayanması üçün dövlətin qurulmasında əvəzsiz rolu olan, torpaqlarımızın bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımız hər gün təbliğ olunmalıdır.

Onların haqqında, sənədli filmlər çəkilməli, tamaşalar səhnəyə qoyulmalı, əsərlər yazılmalıdır. Bu şəkildə ancaq uşaqlara qəhrəmanlarımızın adlarının qoyulmasında artım müşahidə edə bilərik, heç kəsi hansısa adın qoyulmasında məcbur edə bilmərik: “İranda qanunən türk adlarının uşaqlara qoyulması qadağandır. Lakin bura Azərbaycandır. Azərbaycan isə dünyəvi dövlətdir. Burada hər bir kəs öz seçimində azaddır”.

Nəsimi Ələsgərli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!