“Bütün deputatlar fonda pul köçürüb” – Siyavuş Novruzov
08 Apr 2020 17:39
1237

“Bütün deputatlar fonda pul köçürüb” – Siyavuş Novruzov

“Milli Məclisdə təmsil olunan 121 deputatın hamısı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O özü də 1 aylıq  maaşını Fonda ianə etdiyini bildirib. 

“Bizə deyilib ki, Fonda ianə etmək üçün yazılı şəkildə mühasibatlığa müraciət edin, əmək haqqınızdan müəyyən məbləğ tutaraq Fonda köçürsün. Biz də həmin qaydaya uyğun olaraq ianə vermişik. İndi bunu “Qız Qalası”nın üstünə çıxıb elan edəsi deyilik ki? Həzrəti Əli deyib ki, sağ əlin verdiyini sol əl bilməməlidir”, - deyə  YAP-çı deputat əlavə edib.

Məlumat üçün deyək ki, dünən Yenisabah.az Fonda ianə edənlərlə bağlı araşdırma aparıb və bəlli olub ki, fiziki şəxslərin siyahısında yalnız 16 deputatın adı var. Sayt həmin deputatların adlarını və ianə etdikləri məbləği tirajlayıb. Bu isə digər deputatların ictimai qınağa tuş gəlməsinə səbəb olub. Sonradan saytın apardığı araşdırma nəticəsində aydın olub ki, digər deputatların da əmək haqqından müəyyən məbləğ tutalaraq Milli Məclisin adından hüquqi şəxs qismində Fonda köçürülüb. 

Göründüyü kimi Siyavuş Novruzov da bu faktı təsdiqləyib. O həmçinin, bizimlə söhbətində bildirib ki, adı siyahıda olan deputatlar fərdi şəkildə ianə edib. 

“Onlar əmək haqlarından verməyib o pulu. Məsələn, orda elə məbləğ var ki, mənim verdiyim ianə ondan 3 dəfə çoxdur. Mən 3000 manat, yəni 1 aylıq əmək haqqımı köçürmüşəm. Bundan başqa Yeni Aərbaycan Partiyasından aldığım 1300 manat maaşımı da Fonda inaə etmişəm.  Amma bu bütövlükdə partiyanın adı ilə edilib. Yəni, partiya Fonda 530 min manat pul köçürüb ki, orada mənim 1 aylıq əmək haqqım da var. Sadəcə bunu elan etməyə ehtiyac yoxdur. Bu yardımı etmək mənim vətəndaş borcumdur.  Bir daha deyirəm ki, deputatların hamısı Fonda dəstək verib. Kimi 500, kimi 3000, kimi də 5000 manat”, - deyə hakim partiyanın təmsilçisi vurğulayıb.

 

Oxşar xəbərlər