“Deyirlər, qadın menstruasiya dövründə Qurana toxuna bilməz...”  - Qalmaqallı açıqlama

“Deyirlər, qadın menstruasiya dövründə Qurana toxuna bilməz...” - Qalmaqallı açıqlama

Digər

24 Yanvar 2023 17:30 5541


Bir neçə gün öncə İsveçin radikal siyasətçisi Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırması böyük müzakirə yaratdı.

İsveçdən sonra Niderlandda PEGIDA adlı anti-islam təşkilatının lideri Edvin Vaqensveldin Haaqa polisinin birbaşa nəzarəti altında müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin vərəqlərini cırması islam dünyasının hiddətinə səbəb oldu. 

Hadisələrdən sonra Avropada islamofobiya, dini ayrıseçkilik mövzusu yenidən gündəmə gəldi. Müsəlmanların bəzisi insanları bu cür nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə səsələdi. Çağırış edənlər arasında həmin şəxslərin öldürülməsini istəyənlər, başına pul qoyanlar da az deyil. 

Bəs həmin şəxslərin bu cür cəzalandırılması nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri həmin şəxsləri cəzalandırmağın tərəfdarı olmadığını deyib:

“Gəlin baxaq, bu gün cəza həqiqətənmi dini sevdirmə mexanizmidir? Təbii ki, xeyr. Əksinə, cəzalandırma ilə o cür düşüncədə olan milyonlarla insanın daha radikal düşüncələrinə səbəb olmuş olarıq. Tam əksinə, çalışmaq lazımdır ki, həmin adamın yanaşmasına baxmayaraq, müsəlmanlar həmin adamın evinə Quranı, İncili, Tövratı hədiyyə olaraq göndərsinlər, üstündə də gül göndərsinlər. Bunu etmək lazımdır ki, həmin şəxs başa düşsün ki, müsəlmanların anlayışı budur, yandırmaq deyil. Onlar bilməlidir ki, müsəlmanların anlayışı qırmaq, dağıtmaq, öldürmək, qışqırmaq deyil. Və yaxud Quranla bağlı isveçcə, danca yazılmış kitabları onlara hədiyyə edərək çox fərqli bir mövqe nümayiş etdirmiş olarıq”. 

E.Miri Azərbaycanda bəzi evlərdə Quranın müqəddəs sayılaraq ona qüsulsuz toxunulmaması, əl çatmayacaq yerdə saxlanılmasına da münasibət bildirib. O, bu yanaşmanı doğru hesab etmədiyini deyib: 

“Bu o qədər yanlış, insanları Qurandan, kitabdan uzaqlaşdıran məsələdir ki... Ona görə insanlar arasında belə yanlış fikirlər ortaya çıxıb ki, ona dəstəmazsız toxunmaq olmaz, qadın menstruasiya dövründədirsə, başı açıqdırsa, Qurana toxuna bilməz və s. Bəs insan Qurana nə vaxt toxunacaq? Mən deyirəm ki, Quran masaüstü kitab olmalıdır, yeri gələndə yataq otağımızda olmalıdır, istədiyimiz anda açıb oxumalı, düşünməliyik. Çünki o kitab bizə seçim verir, həyat tərzimizdir, o kitab bizim həyatın hər bir sahəsindən bəhs edir. Qurana bu cür yanaşmalıyıq,  çay içəndə də, yemək yeyəndə də oxumalıyıq. Hətta çay içərkən çayın müəyyən damcısı da Quranın üstünə düşməlidir, yəni biz o kitabın kağızını müqəddəsləşdirməməliyik. Kitabda yazılanları oxuyub, ona əməl etməliyik, ona uyğun yaşamalıyıq”. 

Əsmətxanım RZAZADƏ 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!