“Çölə çıxmağa icazə yoxdur, çıxanları da polis gəlib aparır” –  Ədalət Şükürov
12 Mart 2020 16:33
91214

“Çölə çıxmağa icazə yoxdur, çıxanları da polis gəlib aparır” – Ədalət Şükürov

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxan insanlar var. Həm dövlət qurumları, həm də ayrı-ayrı adamlar virusdan qorunmaq üçün bir sıra profilaktik tədbirlər görür, özlərini bu dəhşətli pandemiyadan qorumağa çalışırlar. Səhhətinin qeydinə qalan, necə deyərlər, suyu üfürə-üfürə içən adamların arasında məşhurlar çoxluq təşkil edirlər. 

Əməkdar artist Ədalət Şükürov bu mövzuda Yenisabah.az saytına müsahibə verib. 

- Ədalət bəy, iş qrafikinizdə hər hansı dəyişiklik olubmu? Toy məclislərini təxirə salmısınızmı? 

- Xeyr, məclislərimin heç biri təxirə salınmayıb. Çünki insanlar artıq “beh” verib, vaxt təyin ediblər, dəvətnamələr paylanılıb. Son anda məclisin təxirə salınmağı düzgün olmaz. Mən başqa bir məsələyə diqqət yönəltmək istəyirəm. Təəssüflər olsun ki, bizim televiziya kanallarında bir dənə də olsun maarifləndirici videoçarx efirə getmir. Ən azından bir dəqiqəlik çarx hazırlanmalı, insanlara özünü qorumağın yolları izah edilməlidir. Bu videoçarx gün ərzində tez-tez efirə verilməlidir. Bu virusun 26 dərəcədə yavaş-yavaş məhv olacağı deyilir. İndi havalar soyuqdur deyə təkcə bu virus yox, digər qrip virusları üçün də münbit şərait yaranır. Hamımız isti havaları gözləyirik ki, virus yox olsun. 

- Tez-tez xarici ölkələrə səfər edirsiniz. Virusun tüğyan etdiyi bir vaxtda özünüzü necə qoruyursunuz? 

- Mən səfər zamanı maska, ağızlıqdan mütləq istifadə edirəm. Bu yaxınlarda Amerikada səfərdə idim, təzə qayıtmışam. Bir neçə gün öncə Rusiyadan qayıdanda da Bakı-Rusiya sərhəddində də hamı maskada idi. Sağ olsun bizim sərhədçilərimiz, polis işçilərimiz, İrandan, digər ölkələrdən gələn maşınların hamısını biri arxada, digəri qabaqda iki polis maşını müşayiət edirdi. Hətta sürücünün də maşından düşməsinə icazə verilmirdi, onlar birbaş karantinə yollanırdı. Bu çox xoşuma gəldi. Özümüz də maskada idik. Təki insanlar maarifləndirilsin, bununla bağlı verilişlər efirə getsin. 

- Avropa ölkələrində vəziyyət necədir, virusla bağlı müşahidələriniz nə oldu? 

- Bilirsiniz, hər ölkədə vəziyyət bir cürdür. Mən xaricdə yaşayan dost-tanışlarımla da tez-tez əlaqə saxlayıram, onlar da deyir ki, hər ölkədə vəziyyət fəqlidir. Hər ölkənin öz qanunu var, ona uyğun hərəkət edirlər. Bilirsiniz ki, dünən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan etdi. Ona görə də daha diqqətli olub, qorunmaq lazımdır. Məsələn, İtaliyada xəstəlik çox yayılıb deyə karantin elan edilib. Yollar, universitet, məktəblər bağlanıb. Bizdə də məktəb, universitetlərdə karantin elan edilib, buna baxmayaraq uşaqların hamısı küçələrdə gəzir. Karantin o deməkdir ki, bu uşaqlar evdə oturmalıdır, evdən çölə çıxmamalıdır. Mən nə vaxt baxıram məktəbli uşaqlar küçədədir, belə olmaz. Bunun qarşısını almaq lazımdır. İtaliyada karantin elan olunub və evdən çölə çıxmağa icazə yoxdur, çıxanları da polis gəlib aparır.

Əsmətxanım

Oxşar xəbərlər