Samux rayonunun Alıuşağı kəndində heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə qeydə alınıb.
Yeni Sabah xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma aparılıb və zəruri baytarlıq tədbirləri görülüb. Toyuqlu pizza
Təsərrüfatdakı heyvanlara klinik baxış keçirilib, termometriya aparılıb, ərazi və heyvanların saxlanıldığı sahələr dezinfeksiya edilib. Həmçinin girişdə dezinfeksiya baryeri yaradılıb, heyvan və nəqliyyat vasitələrinin təsərrüfata giriş-çıxışı məhdudlaşdırılıb.
Hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib. Həmin heyvanlara baytarlar tərəfindən zəruri müalicə tədbirləri aparılıb.
Laborator müayinə üçün məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Canlı heyvanlardan isə hələlik nümunə götürülməyib.
Nazirlik bildirib ki, canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olması hazırda laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu barədə yekun qiymətləndirmə laborator nəticələr və sonrakı klinik müşahidələr əsasında aparılacaq.
Hazırda təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyəti müşahidə olunur və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir.
Qeyd edək ki, 2026-cı ilin birinci yarısında Gəncə şəhəri, ətraf ərazilər və Samux rayonunda dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı planlı peyvəndləmə tədbirləri həyata keçirilib.
Aytac Əliyeva
Telegram kanalımız