Salvador Dalinin hazırladığı, qızıl və qiymətli daşlarla bəzədilmiş 150 kiloqramlıq bürünc üzlük Fransada sənət mərkəzindən oğurlanıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Fransanın İssuar şəhərində yerləşən C. Karutzoz Müasir İncəsənət Mərkəzində oktyabrın 4-dən 5-nə keçən gecə baş verib. Oğurlanan əşyanın Salvador Dalinin 1958-1961-ci illərdə hazırladığı “Müqəddəs İohannın Apokalipsisi” kitabının bürünc üzlüyü olduğu açıqlanıb.
Əvvəlcə 210 kiloqramlıq kitabın bütövlükdə oğurlandığı bildirilsə də, sonradan bunun belə olmadığı dəqiqləşib. Kitabın əsas hissəsi, o cümlədən əlyazmalar təhlükəsiz yerdə saxlanılıb. Mərkəzdə isə üzlük və bəzi perqamentlər nümayiş etdirilirdi. Məhz 150 kiloqram ağırlığındakı bürünc üzlük naməlum şəxslər tərəfindən aparılıb. Hadisənin necə baş verdiyi hələ tam aydınlaşdırılmayıb. Mərkəzin sahibi, kolleksiyaçı Kristian Karutzozun sözlərinə görə, təhlükəsizlik kameraları və siqnalizasiya sistemi söndürülüb. Binanın əsas girişlərindən birinin zədələndiyi də bildirilir. Oğurluğun necə həyata keçirildiyini müəyyənləşdirmək üçün istintaq başladılıb və araşdırmanı jandarmın xüsusi qrupu aparır. pizza mizza
Dalinin hazırladığı üzlük adi kitab üzlüyündən xeyli fərqlənir. Bürüncdən hazırlanmış əsərdə qızıl, qiymətli daşlar, dəniz qabıqları, həmçinin qızıldan hazırlanmış bıçaq və çəngəllərdən istifadə olunub. Əsərin dəyərinin bir neçə milyon avro olduğu bildirilir.
“Apokalipsis” layihəsinə 1958-ci ildə fransalı sənət nəşriyyatçısı Jozef Foret başlayıb. Dünyada cəmi bir nüsxəsi olan bu monumental əsərin hazırlanmasında Dalidən başqa Bernard Buffet, Leonor Fini, Georges Mathieu, Foujita, Pierre-Yves Trémois və Ossip Zadkine kimi rəssamlar, eləcə də Jan Kokto, Emil Sioran, Jan Jiono, Ernst Jünger və Jan Rostan kimi yazıçılar iştirak ediblər. Mətn təxminən 150 perqament üzərində əllə yazılıb və əsərin ümumi çəkisi 210 kiloqrama çatır.
Əsər ilk dəfə 1961-ci ildə Parisdə nümayiş etdirilib və sonrakı illərdə dünyanın müxtəlif ölkələrində təxminən 150 sərgidə göstərilib. 2003-cü ildə onu kolleksiyaçı Kristian Karutzoz əldə edərək Fransaya qaytarıb. Karutzoz əsəri almaq üçün illərlə ödəniş etdiyini bildirib.
Hazırda istintaqın əsas suallarından biri 150 kiloqramlıq əsərin binadan necə çıxarıldığıdır. Mütəxəssislər isə belə tanınan və ağır sənət nümunəsinin bütöv halda satılmasının çətin olduğunu, buna görə oğurluğun üzərindəki bürünc, qızıl və qiymətli daşlara görə törədilmiş ola biləcəyini istisna etmirlər. Əsərin əridilməsi və ya parçalanması halında isə onun bərpası mümkün olmaya bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız