“Dedilər, ölkədən çıxışına stop qoyulub” – Azərbaycanda kimlər xaricə buraxılmır?

saytların hazırlanması

Evə çatdırılma

“Dedilər, ölkədən çıxışına stop qoyulub” – Azərbaycanda kimlər xaricə buraxılmır?

Sosial

06 İyul 2026 14:11 188


Hava limanında ölkədən çıxışına qadağa qoyulmuş şəxslər, adətən, bunu deyir: “Niyə əvvəlcədən mənə bu barədə məlumat verilməyib?”

“Belə qərar qəbul edilərkən vətəndaş məhkəməyə dəvət olunmalı, qərar ona təqdim edilməli və həmin qərardan şikayət vermək hüququ izah edilməlidir”.

Bunu “Yeni Sabah”a vəkil Əkrəm Həsənov deyib. Pepperoni pizza

O, ayrı-ayrı şəxslərin sosial şəbəkələrdə tez-tez bu yöndə şikayətlərini şərh edib:

“Ümumiyyətlə, vətəndaşın ölkədən çıxışına qadağa yalnız məhkəmə qərarı ilə qoyula bilər. Bunun mülki və ya cinayət işi olmasının fərqi yoxdur. Belə qərar qəbul edilərkən vətəndaş məhkəməyə dəvət olunmalı, qərar ona təqdim edilməli və həmin qərardan şikayət vermək hüququ izah edilməlidir. Əgər vətəndaş ölkədən çıxışına qadağa qoyulduğunu yalnız sərhəd-keçid məntəqəsində öyrənibsə, yenə də həmin məhkəmə qərarından şikayət verməlidir. Şikayətində qərarın ona vaxtında təqdim edilmədiyini də göstərə bilər”.

Ə.Həsənovun sözlərinə görə, məhkəmə qərarının vətəndaşa çatdırılmaması nadir hallarda olur:

“Daha çox rast gəlinən hal cinayət işləri üzrə hüquq-mühafizə orqanlarının məhkəmə qərarı olmadan Dövlət Sərhəd Xidmətinə müraciət edərək vətəndaşın ölkədən çıxışına məhdudiyyət tətbiq etdirməsidir. Bu, qanunsuz hesab olunur və vətəndaşın belə hərəkətlərdən də şikayət vermək hüququ var".

Vəkil bildirib ki, təkcə kredit və ya digər maliyyə borcu ölkədən çıxışın məhdudlaşdırılması üçün hüquqi əsas yaratmır:

“Birinci mərhələdə məhkəmə borcun mövcudluğunu təsdiq etməlidir. Məsələn, kimsə sizə borcludursa, məhkəməyə müraciət edirsiniz və məhkəmə qərarı ilə həmin borcun ödənilməsi müəyyən edilir.

Əgər məhkəmə qərarına baxmayaraq, borc ödənilmirsə, o zaman icra məmuru məhkəməyə təqdimat verir və şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulmasını xahiş edir. Yəni iki məhkəmə qərarı olur: biri borcun təsdiqi ilə bağlı, digəri isə ölkədən çıxışın məhdudlaşdırılması barədə.

Əslində, qanun deyir ki, ölkədən çıxışa məhdudiyyət qoyulması ilə bağlı təqdimat yalnız o halda verilməlidir ki, borclunun ödəmək imkanı olduğu halda üzrlü səbəb olmadan borcu ödəməkdən yayındığı sübuta yetirilsin. Təəssüf ki, praktikada buna həmişə əməl olunmur. İcra məmurları çox vaxt bu halları araşdırmadan məhkəməyə müraciət edir, məhkəmələr də ölkədən çıxışa məhdudiyyət qoyulması barədə qərarlar qəbul edirlər. Halbuki borclunun ödəmə imkanının olduğu və buna baxmayaraq, borcu qəsdən ödəmədiyi sübut edilməlidir. Bu məsələyə dair Konstitusiya Məhkəməsinin 2012-ci il tarixli qərarı da mövcuddur. Hər bir halda, məhkəmə qərarı olmadan şəxsin ölkədən çıxışına qadağa qoyulması mümkün deyil”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!