YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Deputat “Siyasi partiyalar haqqında“ yeni qanundan danışdı

Deputat “Siyasi partiyalar haqqında“ yeni qanundan danışdı

Siyasət

24 Noyabr 2022 14:25 410


“Parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə bir neçə ay bundan öncə müraciət ediblər".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O əlavə edib: "Ölkəmizdə bu sahədə qanunun qəbul edilməsindən artıq 30 il keçib. Təbii ki, bu müddətdə Azərbaycan davamlı olaraq inkişaf edib və ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib. Yeni qanun layihəsinin hazırlanması ilə bağlı siyasi partiyaların təklifi Milli Məclisin sədri tərəfindən dəstəklənmiş və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verilib”.

Deputat “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması barəsində fikirlərini bölüşüb.

C. Osmanovun sözlərinə görə, yeni qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilmiş, həmçinin, ölkənin siyasi sistemi və milli xüsusiyyətləri, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmışdı:

“Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara  öz təkliflərini bildirmələri üçün müraciət edilmiş və 47 siyasi partiyadan 250-dən çox təklif alınıb.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilmiş, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Bundan əlavə, qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. İctimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilmiş və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb”.

“Bir sözlə, siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər sənəddə öz əksini tapıb. Müxtəlif platformalarda geniş müzakirələrin təşkil edilməsində məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasına, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə nail olmaq idi. Məhz bu məqsədlə də müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlər qanun layihəsinə edilən dəyişikliklərdə öz əksini tapıb”.

C. Osmanovun fikrincə, yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət  artırılmış, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb:

“Layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatlıq doğuran məsələlər aradan qaldırılmışdır. Konkret olaraq, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun formada hazırlanmışdır.

Dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri partiyalardır. Odur ki, partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlanmışdır. Layihədə müdafiə olunmayan təkliflərin sənəddən çıxarılması, əvəzində demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, qanun layihəsi xalqın siyasi iradəsini ifadə edir”.

““Siyasi partiyalar haqqında” yeni qanun layihəsi sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində mühüm əhəmiyyətə malik olacaq. Qanun layihəsi çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına xidmət edəcək.

Qəbul ediləcək yeni sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcək. Burada dövlətin də əsas məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!