Dərslər necə keçiriləcək - “Biz hamımız ənənəvi təhsilin tərəfdarıyıq”
13 Avq 2020 16:45
631

Dərslər necə keçiriləcək - “Biz hamımız ənənəvi təhsilin tərəfdarıyıq”

Təhsil Nazirliyinə növbəti tədris ili ilə əlaqədar ictimaiyyət nümayəndələrindən bəzi təkliflər daxil olub. Bu təkliflərdə məktəblərdə davamiyyətin məcburi olmaması, bir dərsin 35 dəqiqə, tənəffüs müddətinin isə 10 dəqiqə müəyyən edilməsi kimi fikirlər səsləndirilib.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov bildirib ki, təhsilin başlamasına bir ay vaxt qaldığı üçün indidən fikir bildirmək çətindir, yekun qərar vəziyyətin gedişatından asılı olacaq:

“İctimai Şura üzvlərinin Təhsil naziri ilə görüşü olub. Bu görüş bizim İctimai Şuranın 11 üzvü və nazirliyin iki məsul əməkdaşının iştiakı ilə təşkil edilib. Orada nazir ümumi vəziyyət haqqında danışdı və bizim 11 üzv konkret təkliflərini verdi. 

Nazir bir qrup valideyn, şagird və müəllimlə də görüşüb. Bütün təkliflər yığılır, ümumiləşdirilir, hamısına baxılacaq. Mətbuatda bəzi təkliflər dərc oluna bilər, düzdür onlara fərqli münasibətlər də bildirilir, lakin bunların hamısı sadəcə təklifdir. Tətilin başa çatmasına təxminən bir ay müddət var. Pandemiya elə bir məsələdir ki, onunla bağlı nəsə yekun qərar qəbul etmək olmaz”.

Nadir İsrafilov qeyd edib ki, bəzi məsələlər təkcə Təhsil Nazirliyindən asılı deyil:

“Burada maliyyə məsələləri, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının, UNICEF-in tövsiyyələri var. Yəni bütün bu təkliflər cəmləşdirilir. Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür. Birinci varianta görə, əgər yoluxma sayının aşağı düşmə prosesi davam etsə, ənənəvi forma tətbiq oluna bilər. İkinci variantda isə vəziyyətin gərginləşmə ehtimalı nəzərə alınıb. Əgər virus daha da kəskinləşsə, onlayn təhsil həyata keçiriləcək. Bunlarla yanaşı üçüncü - hibrit varian da var. Bu varianta əsasən, bəzi siniflər onlayn, bəziləri isə ənənəvi təhsil sistemindən yararlana bilər. Təbii, bunlar işin gedişatından asılı olacaq. Dünyada bununla bağlı məsələlər qarışıqdır. Çünki pandemiyanın bitməsi, insanın arzu və istəyindən asılı olan məsələ deyil. Bununla belə şübhəsiz ki, yeni dərs ili ilə əlaqədar hazırlıq getməlidir və gedir. Bunun üzərində xüsusi komissiya işləyir, məsləhətləşmələr aparılır. Təkliflər  dərc olundu ki, guya onlar yerlərə göndərilib. Lakin yerlərə hazırda hər hansı bir rəsmi sənəd göndərilməyib. Ölkə başçısı da məsələyə münasibət bildirərək qeyd edib ki, əsas insanların sağlamlıq məsələsidir. 

Düzdü, onlayn təhsili tənqid edənlər var, internetin sürətinin aşağı olması problemlər yaradır, ona görə biz hamımız ənənəvi dərs formasının tərəfdarıyıq, amma təbii ki, hazırlıq vəziyyətə uyğun gedir. Vaxtında rəsmi məlumat veriləcək.  Dərs müddətinin azaldılması məsələsinə gəldikdə isə, şübhəsiz ki, əgər ənənəvi təhsil olsa, lazımi tədbirlər görüləcək, məsələn, məsafəyə, siniflərin bölünməsinə xüsusi diqqət ayırılacaq”.

Sayad HƏSƏNLİ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər