“DGK illər boyu Azərbaycanda regionçuluq, qohumbazlıq və yerlibazlığın...” - Sabiq deputat

“DGK illər boyu Azərbaycanda regionçuluq, qohumbazlıq və yerlibazlığın...” - Sabiq deputat

Siyasət

28 Noyabr 2022 20:03 5276


“Azərbaycanın dövlət büdcəsindən Naxçıvana verilən dotasiyalar 100 milyon manatlarla ölçülür. Eyni zamanda, Naxçıvandan toplanılan gömrük və vergi rüsumları çox azdır. Əslində, Naxçıvan Gömrük Komitəsi kimi digər qurumlar, habelə paralel strukturlar və nazirliklər Azərbaycanın dövlət büdcəsinə yükdür, eləcə də korrupsiya mənbəyidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisad elmləri doktoru Nazim Bəydəmirli deyib.

O, Prezident Əliyevin Naxçıvan Gömrük Komitəsinin ləğvi ilə bağlı imzaladığı sərəncama münasibət bildirib:

“Hətta Konstitusiyada belə “Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir” sözləri yazılıb. Yəni Azərbaycanı unitar dövlət adlandırırıq, ancaq təəssüf ki, Azərbaycanın bir bölgəsi muxtar dövlət kimi qeyd olunub.

Bunu təkcə mən demirəm, əksinə, idarəetmədən az da olsa başı çıxan hər kəs bunu təkrar edə bilər ki, Naxçıvanda paralel dövlət strukturlar mövcuddur. Bu strukturlar isə idarəetmə xərclərini artırır”.

Mütəxəssis hesab edir ki, iqtisadi zonalar üzrə ölkə başçısının səlahiyyətli nümayəndələri icra hakimiyyətlərini əvəz etməlidir:

“O cümlədən rayon icra hakimiyyətlərinin bir çox səlahiyyətləri bələdiyyələrə verilməlidir və institutlaşma aparılmalıdır. Yəni vəziyyətdən çıxış yolu ancaq bu ola bilər. O cümlədən Naxçıvanın muxtar dövlət adlanan strukturunda icraedici və qanunverici orqanlarında rəhbər eyni şəxsdir. Bu da nonsensdir. Əgər hakimiyyət qollarından danışırıqsa, bu cür idarəçilik olmamalıdır. İllər boyu bunu Qars müqaviləsi və s. bəhanələrlə gizlədiblər. Əslində, bunların hamısı boş söhbətdir.

Demək istəyirəm ki, Naxçıvana ayrılan dotasiyaların mütləq əksəriyyəti mənimsənilib və mənimsənilməkdə davam edilib. Mən bir neçə dəfə müqayisə aparmışam. Məsələn, Gədəbəy və Tovuz sakininə birbaşa dövlət büdcəsindən dotasiya 60-70 manat arasındadırsa, Naxçıvanda adambaşına bu rəqəm 3-4 mindir. Hətta elə illər olub ki, 8 minə yaxın olub. Yəni illərdir yeyintilər və səmərəsiz xərclər mövcuddur.

Prezidentin sərəncamına əsasən Gömrük Komitəsinin ləğvinə gəlincə, ümumiyyətlə, Azərbaycanda gömrük sistemi komitə kimi ləğv olunmalı və prosedur orqanı kimi saxlanılmalı, Dövlət Gömrük Xidməti olmalıdır. Yəni mərkəzi icra hakimiyyəti orqanının funskiyası DGK-dan alınmalıdır. DGK isə illər boyu Azərbaycanda regionçuluq, qohumbazlıq və yerlibazlığın ən böyük konsentrasiya qurumu olub. Hətta sosial şəbəkə istifadəçiləri onu “Nehrəm Gömrük Komitəsi” adlandırırdılar. Məsələ bu qədər absurd vəziyyətə gəlib çatıb və Naxçıvanda DGK sədrliyinə kimi qoysan, eyni sistemlə işləyəcək, Bakıdakı kimi...”

N. Bəydəmirliyə görə, Gömrük Komitəsinin işi mandatına uyğun təşkil edilməyib:

“Cənab Prezident DGK-nı da ləğv edib, vergi xidmətini ona birləşdirməlidir. Çünki bütün dünyada bu cürdür. Gürcüstandan tutmuş ABŞ-a qədər. Eyni zamanda, ən çox tənqid etdiyim Rusiyada belə gömrük komitə deyil, xidmətdir. Təəssüf ki, Azərbaycanda gömrük icazəverici bir orqana çevrilib, inhisarçılıq naminə”.

Müsahibimiz, həmçinin, ümid edir ki, Naxçıvanda digər qurumların da ləğvi prosesinə başlanılacaq:

“Əslində, Azərbaycan üzrə idarəetmə iqtisadi regionlar kimi olmalıdır. Naxçıvanın anklav şəraitində olduğunu nəzərə alıb, muxtar statusunu saxlamaq çağırışları səslənir. Ancaq bildiyiniz kimi, Qarabağda Azərbaycan vətəndaşı olan ermənilər də məskunlaşıb. O zaman onlar da “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin bərpasını yenidən tələb edəcəklər. Naxçıvanın muxtariyyəti ləğv olunsa, bu məsələ birdəfəlik bağlanmış olar.

Fikrimcə, unitar bir dövlətin daxilində ayrıca bir muxtar dövlətin olması həm beynəlxalq hüquqa, həm də reallığa ziddir. Azərbaycan vahid mərkəzdən idarə olunmalı, mərkəzləşdirilmiş büdcə isə iqtisadi regionlar üzrə formalaşdırılmalıdır”.

İqtisadçının fikrincə, DGK-nın keçmiş sədri Səfər Mehdiyev, habelə onun sələfləri ucbatından dövlət büdcəsindən milyardla vəsait yayındırılıb:

“O cümlədən mənim və güzgü statistikası ilə məşğul olan digər iqtisadçıların araşdırmalarında, habelə BMT-nin statistikasında sübut olunmuş bir faktdır ki, Azərbaycana idxal və ölkədən ixrac olunan malların məbləğləri astronomik dərəcədədir. Bu, bir neçə dəfə gündəmə gəlib, ancaq üstündən keçiblər. Yəni 2018-ci ilə qədər vahid statistika aparılmayana kimi bu, kütləvi hal alıb.

Düşünürəm ki, bu strukturların idarəçiliyində olmuş şəxslərin hamısının məsuliyyəti var. Güzgü statistikasının rəqəmlərinə istinadla deyirəm ki, hər il ən azı 5-6 milyard dollarlıq idxal məhsulları statistikadan yayındırılıb. Ümumən ortalama gömrük rüsumları və ƏDV-ləri nəzərə alsaq, mənimsəmələr ildə ən azı 2-3 milyard dolları ötür.

Ölkəyə idxal olunan məhsullaırn invoys dəyərləri azaldılıb və bu, müxtəlif şirkətlər vasitəsilə bunlar həyata keçirilib. Bu, bir ilin işi deyil, illərlə davam edib və təbii ki, keçmiş nazirlər, sədrlər də məsuliyyət daşıyır”.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!