Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

saytların hazırlanması

Evə çatdırılma

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

İqtisadiyyat

22 Avqust 2026 13:10 45


ABŞ-da səhiyyə texnologiyaları sahəsində fəaliyyət göstərən sahibkar Raj Toleti şirkətlərinin inkişafında əsas diqqəti proqram təminatının satışına deyil, müştəri üçün yaratdığı konkret nəticələrə yönəldir.

“Yeni Sabah” xəbər verir ki, Toleti ilk şirkətini satdıqdan sonra biznesdən uzaqlaşaraq təqaüdə çıxmaq istəyib. Lakin bu dövr cəmi iki ay çəkib. Onun sözlərinə görə, həyat yoldaşı da bu vəziyyətin münasibətlərinə mənfi təsir etdiyini düşünərək yenidən özünə məşğuliyyət tapmasını istəyib.

Toletinin səhiyyə sektoruna marağı ailəsindən də qaynaqlanır. Onun bildirdiyinə görə, ailəsində 33 tibb mütəxəssisi var. Valideynləri, həmçinin nənə və babaları həkim olublar. Buna baxmayaraq, o, mühəndislik üzrə təhsil almağı seçib. pizza hut

Sahibkarın əsas məqsədi fərdi həkimlik fəaliyyəti ilə məhdudlaşmadan daha çox insana təsir etmək olub. O, texnologiya vasitəsilə minlərlə, hətta milyonlarla insanın həyatına təsir göstərməyin mümkünlüyünü düşünərək karyerasını səhiyyə texnologiyalarına yönəldib.

“Andor Health” onun bu sahədə yaratdığı dördüncü startapdır. Şirkət ABŞ səhiyyə sistemində artan kadr çatışmazlığı fonunda klinik proseslərin avtomatlaşdırılmasına və tibb işçilərinin üzərindəki yükün azaldılmasına çalışır.

Şirkətin yanaşmasında süni intellektin həkimləri əvəz etməsi nəzərdə tutulmur. Əksinə, məqsəd həkimlərin gündəlik fəaliyyətini müşayiət edən texniki və inzibati işlərin avtomatlaşdırılmasıdır. Məsələn, sistem pasiyentin tibbi məlumatlarını əvvəlcədən hazırlaya, lazımi məlumatları həkimə təqdim edə, müəyyən ehtiyacları müəyyənləşdirə və lazım gəldikdə tərcüməçi kimi əlavə xidmətlərin prosesə qoşulmasını təmin edə bilir.

Toletinin sözlərinə görə, ABŞ-də xüsusilə kənd və ucqar bölgələrdə ixtisaslaşmış həkimlərə çıxışın məhdud olması problemdir. Əhalinin yaşlanması isə tibbi xidmətlərə olan tələbatı daha da artırır. Bu baxımdan süni intellektin köməyi ilə tibbi personalın vaxtından daha səmərəli istifadə etmək mümkün olur.

“Andor Health”in məlumatına əsasən, platforma tibb bacılarının iş yükünün azaldılmasına və ucqar ərazilərdə yaşayan insanların tibbi xidmətlərə çıxışının genişləndirilməsinə kömək edir. Sistem pasiyentlərdən gələn məlumatları emal edir və insan müdaxiləsi tələb olunan hallarda prosesi mütəxəssisə yönləndirir.

Toletinin biznes modelində diqqətçəkən məqamlardan biri şirkətləri kənar maliyyələşmə olmadan inkişaf etdirməsidir. O, son iki startapını xarici investorların vəsaiti olmadan qurduğunu bildirir.

Sahibkar “Andor Health”in illik təkrarlanan gəlirinin 100 milyon dolları keçdiyini və şirkətin yüksək mənfəətliliklə fəaliyyət göstərdiyini deyir.

Onun əsas biznes prinsipi isə müştəriyə sadəcə proqram satmaq deyil, nəticəyə görə məsuliyyət götürməkdir. Toleti bildirir ki, şirkət müştəriyə konkret göstəricilərin yaxşılaşdırılmasını vəd edir. Məsələn, məqsədlərdən biri xəstələrin xəstəxanaya təkrar yerləşdirilməsi hallarını 40%-dək azaltmaqdır.

Bu yanaşma onun şirkətlərin satışına münasibətində də özünü göstərir. Toletiyə görə, şirkəti satmaq üçün “ideal vaxt” gözləmək düzgün strategiya deyil. Şirkət hər zaman potensial alıcı üçün hazır vəziyyətdə saxlanılmalıdır.

O, maliyyə göstəricilərinə də eyni prizmadan yanaşır. Sahibkarın fikrincə, əvvəlcədən müəyyən etdiyi hədəfə çatdıqda bunu son nöqtə kimi qəbul etmək olmaz. Əksinə, həmin göstəriciyə çatmaq yeni və daha böyük hədəflər müəyyənləşdirməyə səbəb olmalıdır.

Beləliklə, Toletinin biznes fəlsəfəsi üç əsas prinsip üzərində qurulur: müştərinin pul ödəməyə hazır olduğu real problemi həll etmək, şirkətin mənfəətliliyini qorumaq və təqdim olunan texnologiyanın yaratdığı ölçülə bilən nəticəyə görə məsuliyyət daşımaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!