Milli Məclisin oktyabrın 13-də keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vüqar Bayramov bir sıra mühüm təkliflərlə çıxış edib.
"Yeni Sabah" xəbər verir ki, millət vəkili dövlət qulluğuna qəbul zamanı sertifikatın qüvvədəolma müddətinin ən azı üç il müəyyənləşdirilməsini məqsədəuyğun hesab edib. O, həmçinin vəzifələrə dair tələblərin müəyyənləşdirilməsində təhsil meyarları ilə yanaşı, şəxsin bacarıq və səriştələrini əsas götürən müasir yanaşmanın tətbiqini təklif edib.
V.Bayramov dövlət qulluqçularının əməkhaqları arasında iqtisadi rayonlar üzrə ciddi fərqlərin olduğunu diqqətə çatdırıb. Deputat bildirib ki, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2059 manata çatıb. Lakin Bakıda bu göstərici 2505 manat olduğu halda, Mil-Muğan iqtisadi rayonunda 1371 manat, Mərkəzi Aran iqtisadi rayonunda isə 1366 manat təşkil edir. Sezar pizza
Millət vəkili yeni məcəllənin bu fərqin azaldılmasına töhfə verməli olduğunu vurğulayıb və rəqəmsallaşma dövrünü nəzərə alaraq müvafiq maddədə “pul formasında” ifadəsinin “pul ekvivalentində” sözləri ilə əvəzlənməsini təklif edib.
Vəzifələrin təsnifatı məsələsinə toxunan V.Bayramov qeyd edib ki, hazırda hər 100 dövlət qulluqçusundan 44-ü yeddinci təsnifat üzrə çalışır. O, təsnifatlar arasında balansın qorunmasının, özəl sektorla rəqabət qabiliyyətliliyini ölçən meyarların hazırlanmasının və Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin sayının beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsinin vacibliyini qeyd edib.
Çıxışının sonunda imtahan və müsahibə mərhələlərinə diqqət çəkən deputat bildirib ki, 2025-ci ildə imtahanlarda iştirak edən 16 min 253 nəfərin təxminən 30 faizi uğur qazansa da, namizədlərin bir hissəsi müsahibə mərhələsində elənir. Həmçinin V.Bayramov dövlət qulluqçularının elmi əsərlərə fəaliyyətlə məşğul olması üçün rəhbərliyin icazəsinin tələb edilməsi qaydasına yenidən baxılmasını, elmi fəaliyyətin şəxsi biliklərlə bağlı olduğu üçün əlavə icazə mexanizminə ehtiyac olmadığını vurğulayıb.
Nazim Hacıyev
Telegram kanalımız