Elçin Lənbəranski qalmaqallı qazi videosundan danışdı: “100 adamdan cəmi 3-4-ü...”

Elçin Lənbəranski qalmaqallı qazi videosundan danışdı: “100 adamdan cəmi 3-4-ü...”

Sosial

08 Dekabr 2022 11:21 5442


Sosial şəbəkələrdə 44 günlük Vətən Müharibəsi qazisinin diləndirilməsi iddiası ilə bağlı yayılan videogörüntülər cəmiyyətdə kəskin narazılıq yaradıb.

Sosial şəbəkə fenomeni Elçin Lənbəranskinin iştirakı ilə baş tutan aksiya insanların etirazına səbəb olub.

Mövzu ilə bağlı Yenisabah.az Elçin Lənbəranski ilə əlaqə saxlayıb.

O, açıqlamasında məsələnin heç də iddia olunduğu kimi baş vermədiyini deyib və təfərrüatları danışıb:

“Dekabr ayının 6-sı kafedə oturmuşdum, axşam saatlarında mənə zəng gəldi ki, Nərimanov metrosunun qarşısında bir bacı balası üçün pul yığır. Xahiş edirik, gəl, sən də burada görün, çünki insanların sənə etimadı var, səni görsələr pul yığılar. 

Mən də həmin xanımın olduğu yerə gəldim, gəlib gördüm ki, orada hərbi formada bir Qarabağ Müharibəsi iştirakçısı da dayanıb. Həmin xanımın yanında dayanıb çığır-bağır etdim, insanlara səsləndim ki, onun balasına dəstək olsunlar. 

Mən o qazini gətirməmişdim, heç onu tanımıram da. Heç vaxt onlardan istifadə etmərəm. Bir saat həmin xanımın yanında dayandım və çıxıb getdim. Daha sonra Nərimanov polisindən mənə zəng gəldi. Dünən həmin qazi də, mən də, balasına kömək üçün pul toplayan Pərvin adlı xanım da polis bölməsində olduq. Dünən Mələk balanın anası Pərvin xanımın polis bölməsində dediyinə görə, qazi yoldan keçirmiş, görüb ki, bir ana balası üçün pul yığır, düşünüb ki, mən hərbi formadayam, qoy xanımın yanında dayanım dəstək olum, bəlkə mənə görə yardım edərlər. Qazi də bu niyyətlə xanımın yanında dayanıbmış”.

E.Lənbəranski ona böhtan atanlara qarşı hüquqi addım atacağını da açıqlayıb:

“Nərimanov polis şöbəsi dünən bu məsələyə nöqtə qoydu, yəqin ki, Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayacaq. Sadəcə məni yandıran odur ki, bu günə qədər nə qədər qaziyə, şəhid ailəsinə yardım etmişəm, amma heç kəs bunu işıqlandırmayıb. Bu məsələdə isə hər kəs “Qazi diləndirilir”  adı ilə görüntülərimi paylaşdı, bir daha anladım ki, nə qədər düşmənim var imiş... 

Mən yaxşılıq etmək istəmişəm, həmin adamları heç tanımıram, amma ortada bada getmişəm. Haqqımda bu cür böhtan yazanlarla bağlı isə hüquqi tədbir görməyi planlaşdırıram.

Bəzən şəhid tədbirlərində bir nəfər əlinə mikrofonu götürüb deyir ki, şəhid anası, sən bir oğul itirdin, amma min oğul qazandın. Amma şəhid anasının bir problemi olanda 1000 oğuldan 990-nı tapmırıq. Bilirəm insanların pulu yoxdur, bundan xəbərdaram, çünki mən də bu cəmiyyətin içində yaşayıram. Orada deyirdim ki, heç olmasa, 20 qəpik köməklik edin. İnanın ki, metroya enən 100 adamdan cəmi 3-4-ü yardım edirdi. Qalan insanlar heç çönüb baxmırdılar. Allaha and olsun, o qədər çığırırsan heç baxmır da, gülə-gülə gedir metroya. İnsanlar bu qədər laqeyddir.

Mən bu günə qədər 14 min qapıda olmuşam. Bir daha başa düşdüm ki, insan özü üçün yaşamalıdır. Məni artıq yordular. Bunu bacardılar. Artıq hər şeydən yoruldum”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!