Eldar Əzizovun yeni vəzifə verdiyi şəxs kimdir?

Eldar Əzizovun yeni vəzifə verdiyi şəxs kimdir?
May 15, 2019
Oxunma sayı: 506

Bakı şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov paytaxtın Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin səlahiyyətlərini əlindən alıb.

E.Əzizov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin səlahiyyətini meriyanın tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayevə həvalə edib.

E.Əzizovun bu qərarı verməsinə səbəb, departamentin özündə və tabeçiliyində olan qurumlarda rüşvət və korrupsiya faktları aşkarlanması, paytaxtın bəzi dövlət obyektlərinin tikintisi, yenidən qurma zamanı baş vermiş korrupsiya faktlarının üzə çıxmasıdır.

Xatırladaq ki, əslən Kürdəmirdən olan Rəşid Ağayevi Bakıya vəzifəyə məhz Eldar Əzizov Nizaminin icra başçısı olanda gətirib. Belə ki, Eldar Əzizov 2000-ci ildə Nizami rayonunun icra başçısı təyin olunandan az sonra həmin vaxtı Kürdəmir Mənzil-Kommunal Tikinti Birliyinin rəisi vəzifəsində işləyən Rəşid Ağayevi Nizamidəki eyni adlı vəzifəyə təyin edib.

2003-də Eldar Əzizov Gəncə İH-nin başçısı təyin olunduqda sonra isə, Ağayev Nizamiyə icra başçısı təyin olunmuş Abdin Fərzəliyevlə də dil tapa bilib.  

Lakin o illərdə Nizami rayonunda qanunsuz tikintilərlə bağlı əməliyyat keçirildi. 

Bu barədə o dövrdə mətbuatda xeyli yazılar dərc olundu. Həmin yazılarda bildirilirdi ki, əməliyyat zamanı icra başçısı Abdin Fərzəliyevin "Qara kitabı" da götürülüb...

Bu kimi xəbərlərin mətbuatı bəzəməsindən az sonra isə A.Fərzəliyev Nərimanova icra başçısı təyin olundu.

Maraqlıdır ki, həmin vaxtı Abdin Fərzəliyev Eldar Əzizovdan fərqli olaraq, Rəşid Ağayevi Nizamidə unutmadı. O, Ağayevi özü ilə bərabər Nərimanov İcra Hakimiyyətinə gətirdi və ona rayondakı leqal və qeyri-leqal bütün tikinti işlərinin nəzarətini verdi. 

Lakin bu ilin yanvarında Bakı meri Eldar Əzizov  birdən-birə keçmiş kadrını yada salıb və onu meriyaya daha yüksək vəzifəyə təyin etdi. 

İndisə aydın olur ki, E.Əzizov Ağayevin el arasında RJU deyilən, yəni Mənzil-Kommunal Tikinti Birliyindəki keçmiş təcürbəsindən yenə yararlanmaqda qərarlıdır.

Mia.az