“Əllaməlik” etməyə ehtiyac yoxdur” - Deputatdan Həcc ziyarəti ilə bağlı çağırış

“Əllaməlik” etməyə ehtiyac yoxdur” - Deputatdan Həcc ziyarəti ilə bağlı çağırış

Din Veb saytların hazırlanması

12 Fevral 2024 17:53 2453


“Hər il ölkəmizdə Həcc ziyarətinin qiyməti açıqlanan zamanı qiymətin yüksək olması ilə bağlı geniş müzakirələr aparılır. Əksəriyyət qiymətin baha olmasından şikayətlənir...” 

Bu sözlər Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında deyib. 

Həcc ziyarətinin qiymətlərindən danışan deputat bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi qiymətlər haqda vətəndaşları məlumatlandırmalıdır:

“Əvvəllər də qeyd etdiyim kimi, düşünürəm ki, Qafqaz Müsəlmanları İdarəsi qiymətin yüksək olmasının səbəbi barədə cəmiyyəti məlumatlandırmalıdır. Çünki ola bilsin ki, qiymətin bu qədər qalxması bilavasitə idarədən qaynaqlanmır. Ortada başqa səbəblər də ola bilər. Bütün hallarda məsələyə aydınlıq gətirilməlidir.

Sosial mediada Həcclə bağlı gedən müzakirələrə gəldikdə isə, hər kəs bilməlidir ki, imkanı olan hər bir müsəlman ömründə bir dəfə mütləq həcc ibadətini yerinə yetirməlidir. Bu islamın vacib şərtlərindən biridir.

Həccə verilən pulun sədəqə kimi istifadə olunması məsələsinə gəldikdə isə söhbət ikinci dəfə Həccdən gedirsə, bəli, həmin pulun sədəqə kimi istifadə olunması məqsədəuyğundur və bunun savabı daha böyükdür”.

Millət vəkili qeyd edib ki, bu mövzu barədə müzakirələr zamanı başqalarının dini ibadət və ayinlərini aşağılamaq yolverilməzdir: 

“Sonda isə hesab edirəm, cəmiyyətdə hər kəs bir-birinin inancına, etiqadına və düşüncə tərzinə hörmət etməyi bacarmalı, dini ibadət və ayinləri aşağılamaqdan, ələ salmaqdan çəkinməlidir. Çünki hərənin öz etiqadı, düşüncəsi və toxunmazlıqları var. 

Necə ki, hər birimiz düşüncələrimizə hər kəsin hörmətlə yanaşmasını istəyirik, eləcə də eyni münasibəti başqalarına qarşı da göstərməliyik. Əlavə “əllaməlik” etməyə ehtiyac yoxdur. Çünki hesab o dünyada çox ağır olacaq”.

Əsmətxanım RZAZADƏ 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!