7 İyul - 02:27
“Elza bu vəziyyətdən çıxa bilməyəcək, hətta ölə bilər…” 

“Elza bu vəziyyətdən çıxa bilməyəcək, hətta ölə bilər…” 

Mədəniyyət

18 May 2022 15:43 19498


Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan bir neçə gün öncə “Səni axtarıram” verilişinə çıxaraq  tanınmış və imkanlı şəxslərdən şəxsi problemi üçün 70 min AZN borc istəyib.Sənətçinin efirdə yüksək məbləğdə pul istəməsi narazılığa səbəb olub. Əməkdar artistin istəyi ekspertləri, zalda əyləşən tamaşaçıları əsəbiləşdirib. Onlar proqramda yığılan pullarla xəstələrə yardım edilməsinin daha məqsədəuyğun olacağını bildiriblər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev həmkarının həqiqətən maddi çətinlik çəkdiyini deyib:

“Mən Elzanı uzun illərdir tanıyıram. O, çox kasıb, tək insandır. İki övladını tək boya-başa çatdırıb, evləndirib. Anası, bacıları onun üstündədir, onlara da baxır. Elza çox çətin həyat sürür. Qıraqdan baxanlar elə bilirlər ki, müğənnilər gündə efirdədir, hər şeyləri var. Xeyr! Vəziyyət belə deyil. Bizim heç nəyimiz yoxdur. Düzdür içimizdə bir-iki imkanlı şəxs var, hansılar ki, insan alveri edir, icra başçıları ilə əlaqəyə girirlər, qız satırlar və bahalı maşın sürürlər. Onlar hansı pulla bu avtomobilləri alırlar?! Elza niyə bahalı maşın sürmür? Elza bir dənə köhnə maşın götürüb, hələ də pulunu verə bilmir, onu da banka qoyub. Mən onun vəziyyətini bilirəm”.

Əli Mirəliyev də imkanlı şəxslərə səslənərək  Elza Seyidcahan üçün yardım istəyib:

“O, çox ürəyiaçıq qızdır, əlində olanı bütün qohum-qonşuya, kasıblara, yetim-yesirə paylayır. Elzanın böyük ürəyi var. O, böyük sənətkardır, yaxşı bəstəkardır, yaxşı da səsi var. Tanıyıram, ailəsinin içinə girib-çıxan adam kimi bunu deyirəm. 

Mən bütün insanlardan xahiş edirəm, onu aşağılamayın. Mən kişiyəm, ağlaya bilmərəm, amma o xanımdır, təkdir, ona maddi tərəfdən kömək edən heç kəs yoxdur. Ona kömək edin, əl tutun, Elza dələduz deyil. Mən illərin sənətçisi, yaşlı insan olaraq deyirəm ki, Elzaya kömək etmək lazımdır. Bu sözü elə-belə demirəm. Onun heç xəbəri yoxdur ki, haqqında belə açıqlama verəcəyəm. Bilmirdi ki, belə danışacağam. Qoy bilsin. Çünki o bunu gözlətdikcə daha da pis olur. 

Elza vallah, billah təmiz adamdır, kasıbdır, amma mərddir. Əgər Elza Seyidcahan bu gün belə vəziyyətə düşüb yardım istəyirsə, bunu etiraf edirsə, həqiqətən ona kömək etmək lazımdır. Bizim hacılarımız, iş adamlarımız var, onlara səslənirəm ki, Elzaya əl tutsunlar, kömək olsunlar ki, o bu vəziyyətdən çıxsın. O, tək bu vəziyyətdən çıxa bilməyəcək, hətta ölə bilər, o qədər həssasdır ki, depressiyaya düşər, çıxa bilməz. Xahiş edirəm, ona kömək edin”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!