Əməkdar artist: “Şəfiqə Nağıyevanın olduğu verilişə getmirəm”

Əməkdar artist: “Şəfiqə Nağıyevanın olduğu verilişə getmirəm”

Şou

08 Dekabr 2022 16:36 11464


Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişinin canlı efirində yaşanan qalmaqal günlərdir müzakirə olunur. 

Hadisə verilişdə ekspert qismində oturan jurlanist Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib. Reklam fasiləsində başlayan gərginlik canlı efirdə də davam edib.

Əsəblərini cilovlaya bilməyən Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Nağıyevanın üstünə su atıb.

Daha sonra verilişdən uzaqlaşan Şəfiqə Nağıyeva Tarix Əliyevin “Ümid ilə gəl” verilişində ekspert kimi çıxış edib. Ekspert bu dəfə aparıcı Rövşanə Ağasəfqızı ilə qalmaqal yaşayıb.

Mövzu ilə bağlı Yenisabah.az-a uzun illərdir sosial mövzulu verilişlərdə ekspert kimi çıxış edən Əməkdar artist Nahidə Orucova danışıb. Aktrisa proqramda ekspert qismində oturanların digərlərinin fikrinə hörmətlə yanaşmağının vacib olduğunu vurğulayıb:

“Bəzən ekspertlərin qalmaqalını qurama hesab edirlər. Yox, bu belə deyil. Biz əvvəlcədən bilmirik ki, mövzu nədir, şikayətə gələnlər kim olacaq, biz hansı mövzuda danışacağıq. Biz canlı efir zamanı məsələdən xəbərdar olub onu həll etməyə çalışırıq. Biz hər kəsin fikrinə hörmətlə yanaşırıq, qarşımızdakını dinləyirik. Bu gün elə ekspertlər var ki, xasiyyətcə, daxilən həyasızdırlar. Bu onun xarakteridir. Elə ona görə də qonaq olduğu efirdə də dava salırlar. Hazırda Elgiz Əkbərin, Lalə Azərtaşın, bəzən digər kanallarda yayımlanan verilişlərin eksperti kimi çıxış edirəm. Belə qalmaqallarlar vaxtilə mənim də başıma gəlib. Bir dəfə vəkil Şəfiqə Nağıyeva ilə də sözümüz çəp gəlib. Bundan sonra onun ekspert olduğu verilişə getmədim. Zəng vuranda da dedim ki, nə qədər ki, Şəfiqə xanım orada olacaq, mən efirə gəlməyəcəyəm. Mən xasiyyətcə davakar insan deyiləm. Kiminləsə söz güləşdirməyi sevmirəm, fikrimi deyirəm istəyən qəbul edir, etməyəndə də mübahisə aparmıram. Ekspert belə olmalıdır, hər kəsin fikrinə hörmətlə yanaşmalıdır”.

Uzun illər “Səni axtarıram” verilişinin eksperti olan jurnalist Seymur Verdizadə deyib ki, son illər Azərbaycan efirində keyfiyyət dəyişikliyi baş verib. O qeyd edib ki, bu dəyişiklik müsbət yox, mənfiyə doğru istiqamətlənib:

“Mən vaxtilə rəhmətlik Habil Əliyev, akademik Arif Həşimov, Xalq artistləri Arif Babayev, Afaq Bəşirqızı, Əməkdar müəllim Rəşid mahmudov və digər böyük sənətkarlarla, ziyalılarla bir yerdə ekspert kimi verilişlərdə iştirak edirdim. Biz alimlərimizin, ziyalılarımızın, təcrübəli insanlarımızın iştirakı ilə problemləri müzakirə edir, çıxış yolları göstərirdik. Təəssüf ki, son illər müxtəlif səbəblərdən həmin adamlar efirdən uzaq düşüblər, onları ciddi işi, karyerası, həyat təcrübəsi olmayan, boş-bikar, efirdə saatlarla vaxt keçirməyə ərinməyən adamlar əvəz ediblər. Buna görə də bu cür hallar tez-tez baş verir. Dəfələrlə demişəm, yenə təkrar etmək istəyirəm, bir dəfə həyat yoldaşının köynəyini ütüləməyən qadınlar efirdə 40 ilin arvadlarına dərs keçirlər, bir dəfə qonşusunun xeyrinə-şərinə yaramayan, yıxılana əl uzatmayan adamlar xeyirxahlıqdan danışırlar, bir dəfə ailəsində sözü keçməyən, qonşularının saymadığı, məclisinə çağırmadığı şəxslər Azərbaycan efirində ağsaqqallıq edirlər, buna görə də belə insidentlər tez-tez baş verir və belə davam edərsə, gələcəkdə daha rəzil, daha biabırçı halların şahidi olacağıq”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!