2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 1173 manat təşkil edib.
Bu barədə "Yeni Sabah"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda orta aylıq əməkhaqqı 4395,8 manat, qeyri-neft-qaz sektorunda isə 1115,1 manat olub. Dövlət müəssisələrində çalışanların orta aylıq əməkhaqqı 1168,1 manat, özəl müəssisələrdə isə 1177,7 manat təşkil edib. pizza mizza
İqtisadi fəaliyyət sahələri üzrə ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə göstərici 4207,2 manat olub. Maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq əməkhaqqı 3102,1 manat, informasiya və rabitə sahəsində 2130,2 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində isə 1917,4 manat təşkil edib.
Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində orta aylıq əməkhaqqı 1737,8 manat, nəqliyyat və anbar təsərrüfatında 1587 manat, tikinti sektorunda 1249 manat olub.
Ən aşağı göstəricilər kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində (749,9 manat), ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində (763,4 manat), su təchizatı və tullantıların təmizlənməsi sahəsində (792,1 manat) qeydə alınıb.
Qeyd edək ki, mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, dövlət idarəetməsi və müdafiə, sosial təminat, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq əməkhaqqı ölkə üzrə ümumi göstəricidən yüksək olub.
Aytac Əliyeva
Telegram kanalımız