Erkən nikahların qarşısı niyə alınmır? - “Komitənin 50 yox, 200 işçisi də olsa...“

saytların hazırlanması

Evə çatdırılma

Erkən nikahların qarşısı niyə alınmır? - “Komitənin 50 yox, 200 işçisi də olsa...“

Sosial

22 İyun 2021 16:24 674


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mətbuata açıqlamasında azyaşlı qızların erkən nikaha cəlb edilməsindən söz açıb. Sabiq millət vəkili bunun zorakılıq olduğunu və dəyərlərimizə ciddi zərbə vurğunu bildirib. Komitə sədri 13-14 yaşlı qızların 30-35 yaşlı kişilərə ərə verilməsini vətəndaş məsuliyyətsizliyi kimi qiymətləndirib.

Maraqlıdır, dövlət komitəsinin bu istiqamətdə fəaliyyətini yetərli saymaq olarmı? Bəlkə bu həm də onların fəaliyyətsizliyi ilə bağlıdır?

Mövzu barədə Yenisabah.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bunların latent (aşkarlanmamış, gizli) məsələlər olduğunu qeyd edib: pizza

“Komitə sadəcə Bakı şəhərində yerləşir, 11 rayonda isə mərkəzləri var. Ancaq bu məsələyə baxan yerli icra qurumları da mövcuddur. Çünki belə problemlər təkcə bir qurumun fəaliyyətinə uyğun deyil. Ona görə də bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutmuş bir çox qurumların müəyyən proqramları, öhdəlikləri var. Sözügedən komitənin bu problemlə məşğul olan 50 yox, 200 işçisi də olsa, məsələ latent olduğuna görə hansısa faktlar yenə üzə çıxacaq. Bu, həm də stereotiplərlə bağlıdır. Stereotiplərlə mübarizə aparmaq üçün isə QHT-lərin bölgələrdə aktiv fəaliyyəti lazımdır. Qanun isə bu fəaliyyəti bir az məhdudlaşdırır. Buna görə biz pandemiya dövründə həyəcan təbili də çalmışdıq. Stereotiplərin daha da qatılaşması, çətinləşməsi, qadınlara qarşı zorakılığın artması səbəbilə valideynlər qızlarını erkən ərə verərək guya problemlərdən sığortalamağa çalışırlar. Yəni hamısı zəncir kimi bir-birinə bağlıdır. Məsələnin mahiyyətində seksual qısnamalar, seksual təkliflər də var. Guya valideynlər özlərini və qızlarını bundan qoruyurlar. Yəni onlara elə gəlir ki, qızlarını yaşlı adamlara verəndə belə problemlər baş verməyəcək. Halbuki bu, daha böyük faciələrə, tam hüquqsuzluğa gətirib çıxarır”.

Həmsöhbətimiz pandemiyadan əvvəl bu sahədə müəyyən monitorinqlərin həyata keçirildiyini deyib:

“Uşaqlar təhsil alırdı və məktəbdə monitorinq etmək olurdu. O cümlədən toylar vardı və orada nə isə aşkarlamaq mümkün idi. Pandemiya bütün görülmüş işləri və mexanizmləri alt-üst elədi. Nəticədə biz yenidən bunların tətbiqinə başlamalıyıq. Düşünürəm ki, mexanizm olduğuna görə yenidən bu məsələlərlə bağlı müəyyən gündəm yaranacaq və problemin həllinə nail olacağıq. Amma bildirim ki, erkən nikah təkcə bizim ölkədə deyil. MDB məkanında qəribə bir sistem hökm sürür. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdə erkən nikah olduqca aktualdır və demək olar ki, bunu normaya çevirməyə çalışırlar. Amma mübarizə gedir”.

Mehriban Zeynalova bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yerlərdəki qurumları məsələnin araşdırılmasına lazımi səviyyədə cəlb etməlidir:

“Biz artıq erkən yaşda uşaqları evlənməyə məcbur edən şəxslərin məsuliyyətə cəlb olunması məsələsini qaldırmalıyıq. Belə daha yaxşı nəticə əldə olunar, problemin qarşısı alınar. Çünki bəzən gizli də olsa, insanlar öz uşaqlarının həyatı ilə oynayır, onların yerinə qərar verir. Əgər biz problemin kökünü kəsmək istəyiriksə, dediyim məsələlərə diqqət yetirilməlidir. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 11-ci bəndində seksual qıslama əks olunur, bunu cinsi zorakılıq kimi diqqətə çatdırmaq lazımdır. Arzu edirəm ki, məsələyə o aspektdən baxılsın, həmin maddə daha çox aktuallaşsın və qanunvericilik tədbirləri ciddiləşsin, cəza isə məsul şəxslərə qarşı tətbiq edilsin”.

Sayad HƏSƏNLİ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!