Ermənistanda 2021-ci ilin birinci yarısında sosial-iqtisadi böhran davam edib.
Cebhe. info xəbər verir ki, bu barədə "Ermənistan" blokundan olan deputat, iqtisadçı, "Daşnaksütyun"-un nümayəndəsi Tadevos Avetisyan məqaləsində yazıb.
"2021-ci ilin yanvar-iyun aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə müavinətlərin, pensiyaların, minimum əmək haqqının, dövlət qulluqçularının əsas əmək haqqının artımı olmadı və orta əmək haqqı cəmi 5,4% artdı. Ərzaq qiymətləri isə orta hesabla 7,9%, o cümlədən çörək - 8,3%, süd məhsulları - 12,1%, şəkər - 41,7%, digər qida yağları - 57,8%, yumurta - 48,8%, tərəvəz - 9% artıb", - deyə iqtisadçı bildirib.
"Bu mənfi tendensiya davam edir. Göstərilən inflyasiya göstəriciləri erməni dramının ABŞ dollarına nisbətdə 4,3%ucuzlaşmasına səbəb olub", - deyə Avetisyan qeyd edib. O, daha sonra əlavə edib ki, vətəndaşların real gəlirləri azalır, işsizlər də daxil olmaqla yoxsulluq artır.
"2020 -ci ilin əvvəlinə nisbətən son altı ay ərzində Ermənistanın xarici borcu 10,3% və ya təxminən 625 milyon dollar artıb. Xarici dövlət borcunun davamlı artması həm də ölkəmizin daha da inkişaf etməsini məhdudlaşdırır",- deyə iqtisadçı bildirib. Avetisyan sonda bildirib ki, davam edən böhran fonunda yeni mühacirət dalğası da formalaşıb:
"2021-ci ilin yanvar-iyun aylarında respublikanı tərk edən Ermənistan vətəndaşlarının sayı Ermənistana gələnlərin sayını 94,338 nəfər üstələyib ",- deyə o vurğulayıb.
Telegram kanalımız