"İstər 44 günlük müharibə dövründə, istərsə də noyabrın 10-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan sonra Fransa prezidenti Emmanuel Makronun etdiyi hərəkətlər diqqət çəkir. O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi neytrallıqdan uzaq, erməni mövqeyini və maraqlarını müdafiə edir, neytrallıq prinsipini kobudcasına pozur. Makron öz dəstəyi azmış kimi, təlaş və xüsusi canfəşanlıq nümayiş etdirərək Ermənistanı müdafiə etmək məqsədilə müxtəlif dövlət başçıları ilə təmaslara keçir. Hətta Dağlıq Qarabağın beynəlxalq hüquqla təsbit olunmuş şəkildə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi təsbitini tapmış BMT-nin məlum dörd qətnaməsinə vaxtilə öz ölkəsinin lehinə səs verdiyini undur. Makronun bu istiqamətdə səsləndirdiyi bəyanatlar, açıqlamalar göstərir ki, o, sanki erməni maraqlarının “keşişi” olmaq kimi müqəddəs bir “missiyanı” üzərinə götürüb".
Yenisabah.az xəbər verir ki, Bu fikri politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq deyib ki, Makron müharibə vaxtı Paşinyana SMS-mesajlar göndərdiyini etiraf edib:
"Ermənistanın “Qraparak” nəşrinin yazısından məlum olur ki, Makron kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra erməni icmasının nümayəndələri ilə naharda iştirak edibmiş. O, Fransa ermənilərinin Paşinyan haqqında fikirləri ilə maraqlanaraq onları diqqətlə dinləyib, erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini də gizlətməyib. Belə ki, müharibə vaxtı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS-lər yazdığını bildirib, Paşinyan onun zəng və SMS-lərinə tez cavab versə də, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib. Makronu isə xüsusilə təəccübləndirən məqam o olub ki, Paşinyan nə noyabrın 10-da sənəd imzalanana qədər olan zaman kəsiyində, nə də ondan sonrakı dövrdə onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb. Fransa prezidenti deyib: “Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”. Eyni zamanda, o, Fransanın necə davranmalı olduğu ilə maraqlanıb".
Politoloqun fikrincə, Makron yuxudan indi ayılıb ki, həmsədr ölkənin prezidentidir, o da belə demək mümkünsə, tərs tərəfindən ayılıb:
"Çünki indiyə qədər Makronun açıqlamaları onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahüründən xəbər verib. Makron Fransanın ATƏT-in Minsk qrupunun həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək çərçivəsində dərk edirsə, deməli, həmsədrlik təsisatının formatı və ümumilikdə mövcudluğuna yenidən baxılmasına zərurət var. Vaxtilə öz havadarlarına güvənərək kimlərinsə onların köməyinə gələcəyinə ümid bəsləyən və ümidləri də suya düşən Ermənistan və bəlkə də daha geniş kontekstdə erməni siyasi dairələrinin özü belə artıq kimə güvənəcəklərinə də təəccüblə və şübhə ilə yanaşırlar. Bu isə onların öz aralarında olan fikir ayrılığından xəbər verir. “Qraparak” yazır ki, bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi. Deməli, ilk növbədə, öz aralarında tərəflərin belə düzgün müəyyənləşdirilə bilməməsi bu yalan oyununda yer alan yalançı aktorların ifşa olunmalı əməlləri, sadəcə, Makron və Paşinyanla kifayətlənmir. Yersiz və mənasız canfəşanlığa əl atan Makron kimi erməni icması da sanki hələ də çomağı yerə qoymayaraq nəyəsə ümid edir. Azərbaycan Ordusu isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü çoxdan təmin edib".
“Makronun açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa neytral, balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Fransa prezidenti bu ölkənin erməni lobbisinin, efmənipərəst dairələrinin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir”, - deyə politoloq qeyd edib.
Telegram kanalımız