Erməni snayperi işə düşdü: Cəbhədəki təxribatın pərdəarxası 

Erməni snayperi işə düşdü: Cəbhədəki təxribatın pərdəarxası 

Siyasət Veb saytların hazırlanması

13 Fevral 2024 12:01 1359


Ötən gün Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində bir hərbi qulluqçumuz yaralanıb.  Məlumata əsasən, atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb. 

Dünən gecə saatlarında Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib. Bu hadisə ordumuz tərəfindən 2023-cü ilin sentyabrında həyata keçirilmiş anti-terror əməliyyatlarından sonra Ermənistan tərəfindən törədilmiş ilk silahlı təxribatdır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov baş vermiş təxribatın gözlənilən olduğunu deyib: 

“Sərhəddə snayper hücümu nəticəsində sərhədçimizin yaralanması ilə nəticələnən təxribat gözlənilən idi. Burada təəccüblü heç nə yoxdur. Əgər 3 ildir Azərbaycan sülh istəyir və Ermənistan sülh müqaviləsindən qaçırsa, prinsip etibarı ilə hələ də müharibə şəraitində qalırıq. Nə sərhəddə delimitasiya-demarkasiya ilə bağlı, nə də Zəngəzur dəhlizinin açılması istiqamətində bir irəliləyiş yoxdur. Bunlar açıq-aydın göstərir ki, havadarları Ermənistanı bu cür yeni təxribatlara sövq edərək münaqişənin yenidən alovlanmasına şərait yaradır. Fransanın, Hindistanın və digər ölkələrin intensiv şəkildə Ermənistanı silahlandırması Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına mane olur. Əgər sülh müqaviləsi ilə bağlı konkret razılıq əldə olunmazsa, bu cür təxribatlar davamlı olacaq. Avropa İttifaqı iki ay ərzində Azərbaycanla sərhəddə 50 nəfərə yaxın müşahidəçi göndərib. Bu addım təktərəfli qaydada atılıb və Azərbaycanın bununla bağlı mövqeyi öncədən bəllidir. Ermənistan Avropa İttifaqının təzyiqləri ilə məhz təribatın baş verdiyi Zəngilan istiqamətində müşahidəçilərin sayını artırmaqla 200 nəfərə çatdırıb. Paralel olaraq, müşahidəçilər tərəfindən Zəngilan istiqamətində vəziyyətin gərginləşəcəyi ilə bağlı öncədən təxribatçı bəyənatlar verilirdi. Hətta bəzi ölkələrin səfirlikləri Ermənistanda olan vətəndaşlarına sərhəd istiqamətinə getməməklə bağlı əvvəldən dəfələrlə xəbərdarlıq edib. Bunlar hamısı öncədən hansısa təxribatın olacağından xəbər verirdi”. 

Polkovnik bundan sonra da baş verəcək istənilən təxribata adekvat cavab veriləcəyini bildirib: 

“İstər Azərbaycan Ordusu, istərsə də Dövlət Sərhəd Xidməti sərhəddə baş verən istənilən hərəkətlilik və təxribatla bağlı yerindəcə cavab tədbirləri görür. Dünənki təxribatın ola biləcəyi ilə bağlı proqnozları hərbi ekspertlər də tez-tez dilə gətirirdi. Video-kadrda göründüyü kimi təxribatı törədən erməni snayperi həmin mövqeyə sonradan gətirilib və əvvəldən sırf bu məqsədlə düşünülmüşdü. Digər tərəfdən atəş sonrası sanyperin mövqeyi tərk etməsi bunu əsaslı formada sübut edir. Təxribatın məqsədi vəziyyəti gərginləşdirmək, yeni münaqişə ocağı yaratmaq və bu fonda Azərbaycanı müharibəyə təşviq etməkdir. Bu gün Dövlət Sərhəd Xidməti tərəfindən sərhədçimizə atəş açılan post məhv edilib. Ermənistan tərəfindən itkilərin olduğu ilə bağlı xəbərlər var. Azərbaycan bundan sonra da bu cür təxribatlarla bağlı adekvat cavab tədbirlər görəcək”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!