Erməni təxribatının baş verdiyi yerdən görüntülər yayılıb - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Erməni təxribatının baş verdiyi yerdən görüntülər yayılıb - VİDEO

Hadisə

12 Aprel 2023 16:21 4594


Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Ermənistan Müdafiə Nazirliyi isə 4 nəfərin həlak olduğu, 6 nəfərin isə yaralandığı barədə məlumat yayıb.

Yeniavaz.com xəbər verir ki, Ermənistan MN ötən gün hadisələrin cərəyan etdiyi ərazinin müşahidə kameralarının lentə aldığı görüntüləri dərc edib.

Ermənistan MN-nin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları avtomobillə mühəndis işləri aparan Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinə yaxınlaşıb və hadisələr bundan sonra baş verib.

Dərc edilən kadrlardan bəlli olur ki, Azərbaycan hərbçiləri pikapla Ermənistan SQ-nin mövqeləri istiqamətində hərəkət edirlər. Avtomobildən qeyri-müəyyən sayda Azərbaycan hərbçisi düşür və erməni mövqelərinə yaxınlaşır. 8 dəqiqədən çox davam edən videoda görünür ki, Azərbaycan və Ermənistan hərbçiləri arasında hər hansı mövzu ətrafında müzakirələr gedir. Videonun sonlarına yaxın isə hərbçilər arasında qarşıdurma yaranır. Lakin video sonlandığından qarşıdurmanın nə ilə nəticələndiyi bilinmir.

Ermənistan Parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini Armen Xaçatryan hadisələrlə bağlı bildirib ki, Azərbaycan hərbçiləri maşınla Dığ kəndi yaxınlığındakı erməni mövqelərinə yaxınlaşaraq mühəndislik işlərinin dayandırılmasını tələb ediblər, Ermənistan hərbçiləri buna cavab verib:

“Məhz bunun nəticəsi olaraq döyüşlər başladı. Orada çox ciddi mühəndislik işləri aparılıb, geniş miqyasda və təbii ki, bu, azərbaycanlıların xoşuna gəlmir. Orada hər gün danışıqlar aparılır, bəzən çox sərt olur.

Döyüş əməliyyatlarının dayandırılması üçün vasitəçilik olmayıb, Ermənistan və Azərbaycanın müvafiq nümayəndələri arasında aparılan danışıqlar nəticəsində onlar dayandırılıb”.

Azərbaycan tərəfi isə sözügedən görüntülər barədə heç bir rəsmi mövqe bildirməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!