Erməniyə qarşı vuruşmağın bədəlini ona azərbaycanlılar ödətdi

saytların hazırlanması

Evə çatdırılma

Erməniyə qarşı vuruşmağın bədəlini ona azərbaycanlılar ödətdi

Sosial

08 İyul 2022 10:04 2540


Birinci Qarabağ müharibəsi qazilərinin taleyi Qarabağın taleyi kimi qara oldu. Uğrunda sağlamlıqlarını itirdikləri Vətən torpağı xəyanət nəticəsində düşmənə təslim edildi. Çiyin-çiyinə vuruşduqları şəhid dostlarının ruhu onları uzun illər rahat buraxmadı. Bu dərd, bu fikir çoxlarının ömrünü yarımçıq qoydu, neçə tale Qarabağın 28 il sonra göyərən qara daşlarına dəyib çilik-çilik oldu.

Birinci Qarabağ müharibəsinin yüzlərlə iştirakçısı bu günə kimi erməniyə qarşı vuruşduğunu sübut edə bilməyib. Müharibə iştirakçısı olduğunu sübut etmək üçün illərlə məhkəmə koridoralrında sürünən adamlar tanıyıram. Mən onlarla həm Bakıda, həm də Şəkidə qarşılaşmışam. Taleyin üz döndərdiyi bu adamlar Azərbaycanın dörd bir tərəfinə səpələniblər. Dedim axı onların da taleyi Qarabağın taleyi kimi qara gəldi. 

Yüzlərlə adam var ki, düşmənlə döyüşdə yaralanıb, amma bu günə kimi əlillik statusu ala bilməyib. 44 günlük müharibədən əvvəl əlindəki çəliklə məmurların qəbuluna gedən adamlara, adətən, bu cür cavab verilirdi: “Ağlın olardı vuruşmazdın...” pizza sifarişi

Təkcə bu sözə görə neçə nəfərin ürəyi partlayıb. Necə partlamasın? Daş deyil, ürəkdir bu. Hər dəqiqə hər birimizi yarı yolda qoya bilər...

Birinci Qarabağ Müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədovu da dünən ürəyi yarı yolda qoydu. Allahın mərhəməti sayəsində müharibənin od-alovundan sağ çıxan Şahmurad bəy acgöz, laqeyd, həris adamlarının etinasızlığının qurbanı oldu. Əksər döyüşçü dostları kimi erməniyə qarşı vuruşmağın bədəlini o da canıyla ödədi. Bu bədəli ona azərbaycanlılar ödətdi. 

60 yaşlı Şahmurad Məmmədov 7 nəfərlik ailənin başçısı olub. Yeganə qazanc yeri aldığı təqaüd imiş. Bu təqaüdlə həm kirayə pulu verir, həm də ailəsini dolandırırmış. Amma "Muğanbank" kredit borcuna görə onun pensiya kartını bloklayıb. Məsələni araşdırmaq üçün Sumqayıta icra şöbəsinə gedən Məmmədovun elə ordaca ürəyi partlayıb.

Üç gündür ölkə Sosial Xidmətlər Agentliyi tərəfindən müğənni Roza Zərgərlinin oğulluğu Corc Qafarova ev verilməsini müzakirə edir. Bu qərarı tənqid edənlər də, təqdir edənlər də var. Mən dövlətin valideyn himayəsindən məhrum olan gənclərə ev verməsini alqışlayıram. Amma əlimi vicdanımın üstünə qoyub deyirəm: Dövlət Roza Zərgərli kimi analığı, əlində sənəti, cəmiyyətdə müəyyən populyarlığı olan adamdan əvvəl sağlamlığını Qarabağda itirən adamlara ev verməlidir. Əgər Şahmurad Məmmədova zamanında ev verilsəydi, ailəsi onun cənazəsini kirayədə yaşadığı evdən son mənzilə yola salmazdı.

Dövlətin sosial siyasətini həyata keçirən adamlara səslənirəm: Kirayədə yaşayan, mənzilə ehtiyacı olan qazilərə dərhal ev verin. O adamların əksəriyyəti bədənində müharibənin nişanəsi olan çoxsaylı qəlpələr gəzdirir. Çoxunun bu gündən sabaha sağ çıxacağına ümid yoxdur. Heç olmasa öləndə başlarının üstündə bir damları olsun ki, arvad-uşaqları özgə qapılarda yas tutmasınlar...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!