Əsgərlərə verilən məzuniyyətin sayı artırılıb? - “Bu, uğurlu addım və doğru yanaşmadır”

saytların hazırlanması

Evə çatdırılma

Əsgərlərə verilən məzuniyyətin sayı artırılıb? - “Bu, uğurlu addım və doğru yanaşmadır”

Sosial

23 Aprel 2026 14:47 797


“Müddətli həqiqi hərbi xidmət qulluqçularının məzuniyyət vaxtlarının artırılması ilə bağlı qanunvericilikdə xüsusi bir dəyişiklik yoxdur. Sadəcə xidmətin təkmilləşdirilməsi və əsgərlərin motivasiyası üçün bu tip addımlar atılır”.

Bu sözləri “Yeni Sabah”a hərbi jurnalist Səxavət Məmməd deyib.

O bildirib ki, müharibədən sonra belə həvəsləndirici addımların atılması təqdirəlayiqdir:

“Bu addımlar daxili nizamnamələr, yaxud müdafiə nazirinin sərəncamları ilə həyata keçirilə bilər. Yəni məzuniyyətlə bağlı hər hansı qanunvericiliyə ehtiyac yoxdur. Əvvəllər bu proses daha çətin idi. Hətta yalnız idman, yaxud digər tədris normativləri məqbul olduğu halda əsgər məzuniyyətə göndərilirdi.

Adətən, xidmət müddəti ərzində hərbi qulluqçunun hüququ olan 10 günlük məzuniyyət verilirdi. Amma ikinci dəfə məzuniyyətə çıxma üçün normativlərdə fərqlənmək lazım gəlirdi. Artıq müharibə bitib və əsgərlərin motivasiyası üçün belə addımlar atılır”.

S.Məmməd qeyd edib ki, hərbi sahə ilə bağlı bir çox məsələlərdə bəzi sərt qaydaları yumşaltmağa ehtiyac var:

“Bu, uğurlu addım və doğru yanaşmadır. Onsuz da müharibə şəraiti yoxdur. Yəni əsgər çatışmazlığı problemi də qalmır. Düşünürəm ki, hərbi qulluqçuların xidmət müddəti ərzində 2-ci dəfə məzuniyyətə göndərilə bilər. Əslində, hərbi sahə ilə bağlı bir çox məsələlərdə bəzi sərt qaydalaı mütləq yumşaldılmalıdır. Əsgərin məzuniyyətə getməsi heç vaxt mənfi nəticə vermir. Əksinə, məzuniyyətdən qayıdandan sonra o, xidmətə daha canla-başla davam edir”.

Qeyd edək ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə uyğun olaraq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına xidmət müddətində bir dəfə 10 təqvim günü (çavuşlar üçün 15 gün) müddətində əsas məzuniyyət verilir.

Komandanlığın qərarı və xidməti zərurətlə bağlı olaraq, hərbi qulluqçunun mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması məqsədilə bu müddət hissələrə bölünə bilər. "2 dəfə 10 gün" halı isə adətən, əsas məzuniyyətə əlavə olaraq həvəsləndirmə qaydasında verilən məzuniyyətlər və ya xüsusi ailə vəziyyəti ilə bağlı verilən qısamüddətli məzuniyyətlərin birləşməsi kimi baş verə bilər.

Qanunvericilikdə dəyişiklik edilməsinə baxmayaraq, fərqli olaraq hazırda bu qayda demək olar ki, bütün əsgərlərə şamil edilir və hərbi hissələrdə məzuniyyət növbəliliyi daha aktiv tətbiq olunur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!